Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) və Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı fəaliyyətləri çərçivəsində Azərbaycan Turizm və Menecement Universitetində (ATMU) təhsil alan əcnəbi tələbələr üçün İnteqrasiya Programı haqqında məlumatlandırma sessiyası keçirilib. 

"Unikal" xəbər verir ki, görüş zamanı layihə çərçivəsində MSİBM-in fəaliyyət istiqamətləri, əcnəbi tələbələrin yararlanabiləcəyi, həmçinin inteqrasiya proqramı xidmətlərindən və xidmətləri dəstəkləyən dövlət və qeyri-dövlət qurumlarından bəhs edilib. 

MSİBM proqramı çərçivəsində əcnəbi tələbələrlə  görüş zamanı qonaq qismində MSİBM layihə koordinatoru Lamiyə Rzayeva-Əhmədli, eksperti Eşqin Tanrıverdi, milli inteqrasiya məsləhətçisi Emin Mehdizadə və Gülnarə Pənahova, təcrübəçisi Dinar Musayeva iştirak etmişlər. Qeyd edək ki, görüşdə ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova və Universitetin əcnəbi tələbələri ilə müxtəlif fikir mübadiləsi aparılıb. 

Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin İnteqrasiya Proqramı çərçivəsində, əməkdaşlığa dəstək verən Azərbaycan Respublikası Mərkəzi Bankı Maliyyə Savadlılığı şöbəsi də Vüsal Həsənovun iştirakı ilə məlumatlandırma sessiyasında iştirak etmiş, maliyyə savadlılığının əsasları ilə yanaşı, miqrant tələbələr üçün Azərbaycanda bank məhsullarına çıxış və istifadənin yolları haqqında ətraflı məlumat verib.