ATƏT xarici işlər nazirlərinin Skopyedə keçirilən illik toplantısı çərçivəsində Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrovun ikitərəfli görüşü zamanı gözlənilməz hadisə yaşanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Lavrovun Ermənistanın Vyanadakı səfiri Armen Papikyanla bağlı qəfil sualı Mirzoyanı çaşdırıb.
"Səfiriniz təlimatsız, müstəqil işləyir?", - deyə Lavrov soruşub.
Rusiya XİN rəhbərinin gözlənilməz "hücum"u erməni naziri təəccübləndirib. O, nə cavab verəcəyini bilməyib.
Qeyd edək ki, Armen Papikyan ABŞ-da (Tafts Universiteti) diplomatiya üzrə təhsil alıb. Daha sonra o, İtaliyada NATO-nun müdafiə proqramı və Corc Marşall Universitetində təhlükəsizlik proqramı üzrə təlim keçib. O, Ermənistan Xarici İşlər Nazirliyində NATO ilə əməkdaşlıq şöbəsində, sonra isə adi silahlara nəzarət idarəsinin təhlükəsizlik şöbəsində işləyib. Daha sonra Papikyan BMT-də işləyib. İndi o, Ermənistanın Avstriyadakı səfirliyinə rəhbərlik edir.
Papikyan hələ Nikol Paşinyan hakimiyyətə gələnə qədər Qərb strukturları ilə sıx əməkdaşlıq edirdi. Onun Böyük Britaniya və Fransa ilə sıx əlaqələrinin olduğu iddia edilir.