Ümumdünya Ticarət Təşkilatına üzvlük ölkəyə nə verəcək?
21:57 19-04-2013
CƏMİYYƏT
Ümumdünya Ticarət Təşkilatına üzvlük ölkəyə nə verəcək?
Sevgim Rəhmanov: "Ümumdünya Ticarət Təşkilatına üzv olmağın Azərbaycan üçün həm mənfi, həm də müsbət tərəfləri var"
Məlum olduğu kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olunma prosesinin 9-cu mərhələsindədir.
Bu mərhələdə əsasən üzv ölkələrlə qarşılıqlı öhdəliklər məsələsi müzakirə edilir və bu istiqamətdə intensiv danışıqlar gedir. Bu mərhələ bitdikdən sonra növbəti, 10-cu mərhələdə isə üzv ölkələrlə əsasən prosedura qaydaları müzakirə olunacaq. Ümumilikdə, ÜTT-yə üzvlük prosedura qaydası 13 mərhələdən ibarətdir.
Qeyd edək ki, Azərbaycan ÜTT-yə üzv olma ilə əlaqədar 50-yə yaxın ölkə ilə ikitərəfli danışıqlar aparıb və bu danışıqların yekunu olaraq müvafiq sənədlər qəbul edilib.
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanovun "Unikal"a bildirdiyinə görə, "ÜTT 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin varisi kimi yaradılmış beynəlxalq təşkilatdır. Bu qurum millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilat yeni olsa da, çoxtərəfli ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır. Ötən 50 il ərzində dünya ticarətində inanılmaz artım müşahidə olunur. Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT iqtisadi artıma təkan verən güclü və perspektivli ticarət sisteminin yaradılmasına köməklik göstərmişlər. ÜTT-nin dünya ticarətinin 97%-dən artığını əhatə edən 153 üzvü var. 30-a yaxın ölkə ilə üzvlük barədə danışıqlar davam etdirilir. Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsasında baş verir. Səslərin əksəriyyəti ilə də qərar qəbulu mümkündür, lakin bu ÜTT-də indiyədək heç vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib. ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur".
Rəhmanovun dediyinə görə, "Ümumdünya Ticarət Təşkilatına üzv olmağın Azərbaycan üçün həm mənfi, həm də müsbət tərəfləri var. Bu cəhətlər balanslaşdırılmasa, üzvlük statusu qüvvəyə minəndən sonra ölkə iqtisadiyyatı üçün ciddi və xoşagəlməz problemlər yarana bilər. Sözügedən quruma üzvlüyün verəcəyi imkanlardan ölkə iqtisadiyyatı və ölkə vətəndaşı üçün sərfəli şəkildə istifadə etmək üçün birinci növbədə ölkədəki istehsal problemləri qaydaya salınmalıdır. Məlum olduğu kimi, Azərbaycan daha çox idxal ölkəsidir. Yəni istehlakçıya lazım olan gündəlik və ümumən digər tələbat mallarının əksəriyyəti xarici ölkələrdən gətirilir. Ölkədə istehsal edilən mallar isə dünya standartlarının tələblərinə tam şəkildə cavab vermir. Buna görə də yerli istehsalçılar məcbur olub istehsal şəraitini və malların keyfiyyətini dünya standartlarına yaxınlaşdırmalıdırlar. Bu addım atılmasa, Azərbaycanın malları dünya bazarına çıxa bilməyəcək".
Ekspertin dediyinə görə, "Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycan istehsalçıları və istehlakçıları üçün bir sıra üstünlüklər yaradacağı şübhəsizdir. Bu üstünlüklər birinci növbədə gömrük sistemində gerçəkləşəcək. Məlum olduğu kimi, Azərbaycanda avtomobil istehsal edilmir. Bununla belə, tamamilə məntiqə zidd şəkildə xaricdən gətirilən avtomobillərə qoyulan gömrük rüsumu çox yüksəkdir. ÜTT-yə üzv olandan sonra bu rüsumun məbləği xeyli aşağı düşəcək".
Mahir Hüseynli
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04