"Daş yuxular"dan Stepan Şaumyanın yuxularına?
21:58 19-04-2013
CƏMİYYƏT
"Daş yuxular"dan Stepan Şaumyanın yuxularına?
ADP sədri Sərdar Cəlaloğlu ötən həftə mətbuata verdiyi açıqlamada Səməd Vurğun haqqında "Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi "dılğır"ın biri onları xalq düşməni edib", - deyə fikir bildirib.
Bu fikirlər Vurğunsevərlər, xüsusən də Qazax rayonunun əhalisi tərəfindən kəskin etirazla qarşılanıb. Şairin oğlu Vaqif Səmədoğlu bildirib ki, "Siyasətçinin ən böyük dərdi onun tanınmamasıdır. Sərdar Cəlaloğlu kimdir ki, Səməd Vurğun və Qazax camaatı haqqında nəsə desin? Mənim onun haqqında nəsə deməyim onun reklamı olar".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Unikal"a bildirdiyinə görə, "Mən Səməd Vurğunun yaradıcılığı barədə danışanda tarixi faktları ortalığa qoymuşam və bildirmişəm ki, bu adam öz əsərlərində Azərbaycanın tarixini təhrif edərək bu xalqın düşmənlərini göylərə qaldırıb. Bu gün Quba məzarlığında aşkarlanmış sümükləri bütün dünyaya nümayiş etdiririk və sübut etməyə çalışırıq ki, ermənilər 1918-ci il martın 31-də Bakıda, Qubada və digər bölgələrimizdə bizə qarşı əsil genosid həyata keçirdiblər. Tarixi faktlar təsdiq edir ki, bu genosid aktının başında 26 bakı komissarının rəhbəri Stepan Şaumyan durub. Səməd Vurğun da özünün "26-lar" poemasında Şaumyanı Azərbaycan xalqının xilaskarı kimi qələmə verərək Rəsulzadəni xəyanətkar adlandırıb. Bu məqamda hansısa fikir söyləməyə ehtiyac varmı?"
Partiya sədrinin sözlərinə görə, "Azərbaycan xalqının sosial-milli şüurunda hələ də yaşamaqda olan bütlər var və onların qırılması lazımdır. Azərbaycan hökuməti Məşədi Əzizbəyov da daxil olmaqla 26 Bakı komissarının adları ilə bağlı nələr vardısa, hamısını ləğv elədi və düşünürəm ki, bu, çox düzgün bir addım idi. Bəs bu gün tayfaçılıq və regionçuluq psixologiyası zəminində mənə qarşı kampaniyaya başlayanlar Azərbaycan hökumətini niyə düşmən elan eləmir? Axı mən də eyni şeyi deyirəm. Nə olsun ki, Səməd Vurğunun şerləri çox axıcıdır. Axı bu axıcılığın içində bu xalqın taleyi və qüruru aşağılanıb! 37-ci ildə Azərbaycanın ən yaxşı 75 min oğul və qızını repressiyaya məruz qoymuş İosif Stalinə mədhiyyələr yazmış Səməd Vurğun bu cür müdafiə olunacaqsa, Xocalı soyqırımına görə erməniləri və rusları niyə ittiham edirik? Gəlin, şairlərimizə mükafat ayıraq ki, Xocalı soyqırımını törədənlərə də şerlər yazsın da və bu şairlərə Stalin mükafatı ayıraq".
Partiya sədri bildirdi ki, "Bu gün Müsavat Partiyası hesab edir ki, Məmmədəmin Rəsulzadənin ideoloji xəttini davam etdirir. Amma Rəsulzadəni "satqın" adlandırmış Səməd Vurğun barədə bircə kəlmə də söz demirlər".
Müsavat Partiyası Divanının üzvü, filologiya elmləri namizədi Vurğun Əyyubun "Unkal"a söylədiyinə görə, "Sərdar Cəlaloğlu hər şeydən danışır, amma əslində heç nədən danışmır. Səməd Vurğun yaradıcılığının ən yaxşı qiymətini verənlərdən biri elə Məmmədəmin Rəsulzadənin özü olub. İndi Sərdar Cəlaloğluna nə düşüb ki, Səməd Vurğuna hücum edir? Ümumiyyətlə, bu işlə ədəbiyyatçılar və dilçilər məşğul olmalıdır. Siyasətçinin ədəbi problemlərdən bəhs etməsi nə dərəcədə düzgündür?"
Əyyubun sözlərinə görə, "Mənim də Səməd Vurğun yaradıcılığında qəbul etmədiyim tərəflər var, amma bu qüsurlar Səməd Vurğunun böyüklüyünə xələl gətirmir. Onun Azərbaycan qarşısında böyük xidmətləri olub".
Adil Həsən
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00