Rusiyanın ağır şərtləri
Rusiyanın ağır şərtləri

"Rusiya Azərbaycanı cəzalandırmaq haqqında ciddi şəkildə düşünməkdədir"

"Dövlət başçısının "rossiya 24" kanalına müsahibə verməsi və Rusiyanı strateji tərəfdaş adlandırması o demək deyil ki, Rusiya ilə Azərbaycan arasında olan prinsipial narazılıqlar aradan götürülüb". Bunu "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev bildirib.
R.Nurullayevin sözlərinə görə, "Azərbaycan Rusiya ilə strateji tərəfdaş və dost olmaq istəyir. Amma, Rusiya bunu Azərbaycanla bərabər şərtlər əsasında və ölkəmizin tam müstəqilliyini həzm etməklə yanaşı, qəbul etmək istəmir. Azərbaycanın hər müstəqil addımı və Avropa strukturları ilə yaxınlaşması cəhdləri Rusiyanı bərk qıcıqlandırır. Azərbaycanın arxasında Türkiyə dayanmasaydı, Rusiya nə ABŞ-a, nə də Avropa Birliyinə təhamül edər və Azərbaycanı müstləq şəkildə sərt cəzalandırardı. Rusiya Türkiyədən yan keçməklə Azərbaycanı cəzalandırmaq haqqında ciddi şəkildə düşünməkdədir".
Politoloq qeyd edir ki, "Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bir neçə gün əvvəl keçirdiyi brifinqdə bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-21-də Moskvada rəsmi səfərdə olacaq. Həmin ərəfədə Ermənistan xarici işlər naziri də Moskvaya səfər edəcək. Mənə belə gəlir ki, bu görüşdən çox məsələlər asılıdır. İlk əvvəl Rusiya ilə Azərbaycan arasında ciddi gərginlik qalmaqdadır. Məhz bu gərginlik nəticəsində iki ölkə arasında olan danışıqlar baş tuta bilmir. Tərəflər bir-biri ilə yaxınlaşmaq üçün müəyyən çabalar göstərirlər. Amma bu çabalar göstərilməklə yanaşı, hər iki tərəf özünün iddiasından geri çəkilmir. Azərbaycan Rusiyanın orbitinə qayıtmaq və Rusiyanın göstərişi ilə oturub-durmaqdan imtina edir, Rusiya isə Azərbaycanın tam müstəqilliyi və enerji siyasəti ilə barışmır, digər bir tərəfdən Azərbaycanın Avropa strukturlarına daha da yaxınlaşmasını həzm edə bilmir. Çünki, Azərbaycan Avropaya daha çox inteqrasiya etdikcə və transmilli boru kəmərlərini Rusiyadan kənar Türkiyə ərazisindən keçirdikcə Azərbaycanın Rusiyadan asılılığı azalır. Rusiya bunu həzm edə bilmir. Bu iddialardan heç bir tərəf çəkilmədiyinə görə də danışıqlar və görüşlər baş tutmur".
Razi Nurullayev daha sonra qeyd edib: "Əgər Lukaşeviçin dediyi kimi, may ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edərsə, bu səfər çərçivəsində iki tərəf arasında gərginliyin aradan götürülməsi üçün müxtəlif yolların araşdırılması baş verə bilər. Elmar Məmmədyarov Azərbaycan prezidentinin mesajlarını Rusiyanın xarici işlər naziri vasitəsilə Rusiyanın prezidentinə, Sergey Lavrov da Rusiya prezidentinin mesajlarını Azərbaycan xarici işlər naziri vasitəsilə Azərbaycan prezidentinə çatdıracaq. Əgər arada müəyyən istiləşmə və müəyyən razılaşma olarsa, o zaman tərəflər iki prezidentin görüşünü təşkil edə bilərlər. Mənə elə gəlir ki, xarici işlər nazirlərinin görüşü bu məsələlər ətrafında davam edə bilər. Dövlət başçılarının görüşü baş tuta bilərsə, bu və ya digər şəkildə müəyyən kompromislərlə arada olan gərginlik götürülə bilər".
Politoloq bildirib ki, hazırda bu da çox az ehtimal olunan məsələdir. Çünki Rusiya Azərbaycanın müəyyən kiçik güzəştləri ilə razılaşa bilmir. Rəsmi Moskvanın iddiaları çox böyükdür. O Azərbaycanı Avrasiya və Gömrük İttifaqlarında görmək istəyir. Azərbaycan isə Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllindəki tormozlayıcı mövqeyi və eyni zamanda Azərbaycana göstərdiyi təzyiqlərlə razı deyil. Bütün bu iddialardan hər hansı bir tərəfin geri çəkilməsi məqbul görünmədiyindən mən o qədər də tərəflər arasında istiləşmənin tez bir zamanda başlayacağına əmin deyiləm".
Fuad