Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədiyaşayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də bu baxımdan müstəsna önəm kəsb edir.
YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ulu Öndərin adı ilə bağlı olan və hazırda onun siyasi varisi Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi yönündə müxtəlif tədbirlər reallaşdırmaqdadır
T.Budaqov bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”. Bu gün qürur və iftixarla qeyd edirik ki, zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirib, Heydər Əliyevin arzuları reallığa çevrilib. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi ilə müasir dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ başlanmış, ardıcıl nailiyyətlərə imza atılmış, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrilmişdir.
O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qalibiyyətin ardınca “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli Bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir.
Diqqətə çatdırılıb ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Azərbaycan gəncliyi də bu gün Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rola malikdir. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə edən gənclərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran milli hədəflərin reallaşmasına önəmli töhfə kimi yüksək qiymətə layiqdir.
“Şübhə yoxdur ki, 2024-cü ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri də yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaq və bu seçkilərin yüksək vətəndaş fəallığı şəraitində, azad və demokratik keçirilməsinə Azərbaycan gəncliyi də öz töhfələrini verəcəkdir”,- deyə Tahir Budaqov vurğulayıb.
Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ilin ölkəmizin tarixində ən şanlı illərdən biri olduğunu vurğulayaraq deyib: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi xalqımızın tarixində şanlı səhifə kimi qalacaq. Azərbaycan tarixi yeni baxış əsasında öyrənilir, Ulu Öndərin ideyaları təşviq olunur”.
Emin Əmrullayev bildirib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. O qeyd edib ki, Ümummilli Liderin Azərbaycanda elm və təhsilin inkişafında xüsusi rolu var. Məhz Heydər Əliyev tərəfindən 1970-ci illərdə respublikamızda təhsil islahatlarına başlanılmışdı. On beş minə yaxın gəncin respublikadan kənarda – keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə olub".
Nazir diqqətə çatdırıb ki, azərbaycanlı tələbələrin xaricdə təhsilinə dövlət dəstəyi Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramı ilə davam etdirilib. Hədəf ölkəmizdə neft kapitalını insan kapitalına çevirməkdir. 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən 3500-ə qədər gəncimiz nüfuzlu xarici ali məktəblərdə təhsil alıb. “Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu təhsil siyasətini uğurla davam etdirir. Son illərdə Azərbaycanda 3500-ə qədər məktəb tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan məktəblərində 300 mindən artıq şagird proqramlaşdırma dərslərinə, 100 mindən artıq şagird STEAM dərslərinə cəlb olunub. Ən böyük təhsil hadisələrindən biri "Zəfər tarixi" fənninin tədrisidir” ,- deyən Emin Əmrullayev qeyd edib ki, bu gün təhsilimizin təməlində azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz dayanır.
E.Əmrullayev deyib ki, ən mühüm hadisələrdən biri Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsidir. Artıq gələn il sentyabrın 15-i tələbələrimizi Xankəndidə görmək istiqamətində işləyirik. Atributların, proqramların, müəllim heyətinin profilinin hazırlanması istiqamətində müəyyən işlərimiz başlayıb. Eyni zamanda, Qarabağ Universitetinin məqsədi digər universitetlərlə rəqabət yaratmaq yox, Azərbaycanın digər universitetlərini bir dəyər ətrafında birləşdirib əməkdaşlıq etmək olacaq.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2023-cü ili ölkəmizdə “Heydər Əliyev ili” elan etməsi xalqımız tərəfindən böyük sevinclə qarşılanıb. O deyib ki, ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək ölkəmiz üçün taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti xalqımızın taleyində əbədi iz qoyub.
Qeyd edilib ki, Ulu Öndərin liderlik qabiliyyəti, fenomenal hafizəsi, nüfuzedici natiqlik bacarığı, dərin və ətraflı biliyi ona əsaslı qərarlar qəbul etməyə, insanların beyninə və qəlbinə asanlıqla yol tapmağa, geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və onları öz arxasınca aparmağa imkan verirdi. “Əsrin müqaviləsi” ilə reallaşdırılan həlledici neft strategiyası Azərbaycanın uzunmüddətli inkişafına yol açıb, ölkənin siyasi, iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaradıb. Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca dövlətlərdən birinə çevrilib”.
V.Əskərov deyib ki, Ümummilli Lider özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq gərgin siyasi fəaliyyəti ilə 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qələbənin təməllərini yaradıb. Vətən müharibəsində qazandığımız Zəfər bütün dünyaya əyani olaraq bir də onu göstərdi ki, müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsi yaradılıb, milli ruhda tərbiyə almış, vətənpərvər gənc nəsil yetişib
Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının media orqanı olan Yeni TV-nin hazırladığı “Heydər Əliyev və Yeni Azərbaycan” adlı film nümayiş olunub.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov əvvəlcə “Heydər Əliyev Siyasi Məktəbi” layihəsi haqqında məlumat verib.
O qeyd edib ki, Heydər Əliyev Azərbaycanın inkişaf yolunu, xarici siyasətini, ordu quruculuğu strategiyasını müəyyənləşdirib. “Ulu Öndərin ən böyük xidmətlərindən biri isə əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafının davamlılığını təmin etmək, gələcək siyasi varisini hazırlamaq idi. Məhz Heydər Əliyevin siyasi varisi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu, Azərbaycan bütövləşib”, - deyə deputat bildirib.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb.
O deyib ki, Ulu Öndər Heydər Əliyevin güclü iqtisadiyyat və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına hesablanmışdı və belə də oldu. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasətini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin təntənəsidir”.
Çıxış edən “Heydər Əliyev siyasi məktəbi” layihəsinin iştirakçısı Nuranə Hüseynzadə şəhid bacısı kimi Heydər Əliyevin həyatını, siyasi irsini öyrənməyi özünə mənəvi borc hesab etdiyini deyib. Bildirib ki, layihə ərzində Ulu Öndərin gənclik illəri ilə bağlı Naxçıvandakı görüşlərdən başlayaraq bu günədək Heydər Əliyevin həyatının hər dövrünü öyrənib, Ulu Öndəri şəxsən tanıyıb, hətta onun rəhbərliyi altında işləmiş şəxslərlə görüşlər keçiriblər.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin ifasında bədii hissə təqdim olunub.