10 dekabr 2020-ci il Azərbaycanın Qarabağ zəfərinin imza günüdür.
"Unikal" xəbər verir ki, bu barədə trend-ə Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri,Azərbaycan Ağsaqqallar Şurası Fəxri üzvü Hulusi Kılıç bildirib.
O qeyd edib ki, həmin gün Azərbaycan dünyaya qazandığı tarixi zəfəri göstərdi.
“10 dekabr 2020-ci il Azadlıq Meydanındakı paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışları böyük məna kəsb edir. Paradda həmçinin 44 günlük Vətən Müharibəsində şəhid olan Azərbaycanın igid əsgərlərini təmsil edən Türkiyədən 3 minə yaxın iştirak etdi. Dünya tarixində heç bir zaman belə birlik, bərabərlik, qardaşlıq görülməyib. Bu çox mənalı mesaj idi.
Türk dünyası bu paradı çox yaxından izlədi. Onlar üçün böyük qürur idi. 44 günlük Vətən Müharibəsində Türkiyə Azərbaycana lazım olan mənəvi və siyasi dəstək verdi. “Azərbaycan tək deyildir” mesajı verdi. Dünyada buna bənzər qardaşlıq nümunəsi yoxdur. Gücümüz birliyimizdədir. Zəfər Paradı da “Tək Yumruq” olduğumuzu göstərən bir gün idi. Bu bir bayram idi. Zəfərimiz daim olsun, Vətənimiz möhkəm olsun. Bu yolda şəhid düşənlərə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirəm”,- deyə H.Kılıç bildirib.