Məmurların falçılara görünməmiş axını
20:36 20-04-2013
CƏMİYYƏT
Məmurların falçılara görünməmiş axını
Onlar gələcəkləri ilə bağlı bilmək istəyirlər
Azərbaycanlı bəzi məmurlar qarşıdan gələn prezident seçkiləri və seçki sonrası baş verəcəklərlə bağlı əndişəlidirlər. Onlar vəzifələrini, vəzifələri ilə bərabər sərvətlərini və azadlıqlarını itirmək qorxusu ilə yaşayırlar. Bu qorxu isə onları hətta cəhalətə belə, yuvarlayır.
Söhbət son vaxtlar bəzi məmurların falçılara, münəccimlərə axınından gedir. Bildirildiyinə görə, onlar həm öz aqibətləri haqqında öyrənmək istəyir, həm də özlərini, yaxınlarını, karyeralarını və bizneslərini mümkün təhlükələrdən qorumaq üçün dualar yazdırırlar.
Qeyd edək ki, bir neçə gün əvvəl maraqlı bir məlumat yayılmışdı. Həmin məlumata görə Azərbaycanda falçılıq və cadugərliyə 2012-ci ildə 200 milyon manat pul xərclənib. Nəzərə alsaq ki, informasiyanın müəllifi yetərincə tanınmış iqtisadçı-ekspert, İqtisadiyyat və Sosial Araşdırmalar mərkəzinin nümayəndəsi Vüqar Bayramov idi, belədə bu informasiyaya inanmamaq mümkün deyil.
Ekspert onu da bildirmişdi ki, yuxarıdakı rəqəm əvvəlki illərlə nisbətdə fantastik artımdır: "Əvvəllər bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata çatmırdı. Ancaq ötən il apardığımız monitorinq bizi pis mənada təəccübləndirdi. Göstərici 2 dəfədən də artıq artmışdı", - deyə ekspert bildirib.
Əslində təəccüblü bir şey yoxdur: 2011-ci ildən etibarən ölkədə ictimai-siyasi həssaslıq artıb, bu isə məmur korpusunda xeyli narahatlıqlar yaradıb. Onlar həm ölkədəki siyasi dəyişikliklərin mümkünlüyünə dair xofa qapılıblar, həm də özlərinin “qurban” seçiləcəyinin narahatlığı ilə yaşamağa başlayıblar. Bu isə belə məmurları falçı, cadugər, münəccim yanına getməyə təhrik edir.
Məmurların üz tutduqları falçılar arasında Qazaxda yaşayan falçı İmamirədən tutmuş Rusiyada yaşayan tanınmış azərbaycanlı münəccim Zirəddin Rzayevədək bir çoxlarının adlarının olduğu bildirilir.
Yeri gəlmişkən, ötən il ölkə mətbuatında ilginc bir məlumat da yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, bir sıra zəngin məmurlar dünya çapında tanınan cadugərlərin xidmətlərindən istifadə etməyə, hətta onlardan bir çoxunu Azərbaycana gətirməyə başlayıblar: “Afrikanın bəzi qəbilələrində, hətta cəngəlliklərdə yaşayan və okkult elmlərinin mütəxəssisləri olan ”kuaren deyro"ların (cadugərlərin) Bakıya gətirilməsi, onların ən uyğun şəraitlərdə birgə çalışmalarının təmin olunması barədə məlumatlar var. Onlara Rusiyadan, xüsusilə də Uzaq Şərqdən olan “yoq”ların, “fakir”lərin, Azərbaycandan olan parapsixoloqların, falçı-öncə görənlərin qatılması faktı da mövcuddur. Böyük məsrəflər hesabına həyata keçirilən bu layihənin konkret və ciddi bir məqsədi var: ölkədə kütləvi proseslərin, qrışıqlıqların, inqilabların qarşısını almaq, kütləvi psixoz prosedurları ilə toplumda fəaliyyətsizliyi təmin etmək".
Qeyd edək ki, onsuz da bəzi məmurlar çoxlu günah içindədirlər. Xalqın pulunu mənimsəmək, dövlət vəsaitlərini talan etmək yolu ilə özlərinə zəngin, dəbdəbəli həyat qurmaqla onlar onsuz da kifayət qədər çirkaba batıblar. Belə məmurlar unudurlar ki, indi falçılara üz tutmaqla, karyeralarını, sərvətlərini xilas etmək üçün cadugərlərə bel bağlamaqla günahlarını daha da ağırlaşdırırlar.
Çünki İslam dini falçılığı və ona inananları qəbul etmir. Üzləşdikləri və ya onları gözləyən bəlaları qovmaq üçün cadugərlərə bel bağlayan məmurlarımız qoy aşağıdakıları oxusunlar və özləri nəticə çıxarsınlar: Allahın Peyğəmbəri (s): “Kim falın bəd gəlməsinə görə öz işindən çəkinmişdirsə, Allaha şərik qoşmuşdur”. (Kənzul-ummal, hədis 28566)
Allahın Peyğəmbəri (s): “Səfərə çıxmaq üçün evini tərk edən, sonra bəd fala görə geri qayıdan şəxs Muhəmmədə (s) nazil olana küfr etmişdir”. (Kənzul-ummal, hədis 28570)
Allahın Peyğəmbəri (s): “Bəd fal açan, ya onun üçün bəd fal açılan şəxs (başqalarının ona açdığı bəd fala inamı olan), gələcəkdən xəbər verən, ya başqası onun gələcəyini deyəndə ona inanan, cadu edən, ya başqasına cadu etmək üçün falçıya və cadugərə müraciət edən şəxs bizdən deyil”. (ət-Təğrib vət-Tərhib, c.)
Və sonda: son vaxtlar bəzi məmurların psixoloji seanslar almağa meylləndiyi barədə də məlumatlar alırıq. Əlbəttə, bu günah deyil. Əksinə, hər bir insanın psixoloqa ehtiyacı ola bilər və bu yaxşı haldır, elmi əsasları da var.
Amma məmurların psixoloqlara müraciətinin motivi də onların qorxuları, həm tutduqları postun, həm də yığdıqları varidatın gələcəyi ilə bağlı keçirdikləri narahatlıqlarla əlaqədardır. Bunu isə psixoloqa müraciət etmək zərurəti yarananda yox, sağalmaz vəzifə, var-dövlət xəstəliyinə tutulanda düşünmək lazım idi.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22