“Şərq-Qərb” nəşriyyatının çap etdiyi 5 cildlikdə şok
20:37 20-04-2013
CƏMİYYƏT
“Şərq-Qərb” nəşriyyatının çap etdiyi 5 cildlikdə şok
Son cilddə Azərbaycan tarixinə və milli adət-ənənələrə yad olan inanılmaz motivlər yer alır
Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunaraq kitabxanalara hədiyyə olunan “Azərbaycan nağılları” 5 cildliyinin 5-ci cildində Azərbaycan tarixinə və milli adət-ənənələrə yad olan motivlər qeydə alınıb.
2005-ci ildə “Şərq - Qərb” nəşriyyatında çap edilən kitab 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında çap edilən “Azərbaycan nağılları. 5 cilddə. 4-cü cild” nəşri əsasında təkrar nəşrə hazırlanıb. Kitabın tərtibçisi və qeydlərin müəllifi Nurəddin Seyidov, redaktoru isə Bəhlul Abdulladır (aznews.az).
Kitabdakı “Moltanı padşah” nağılında Moltanı padşahın əcaib xasiyyətlərindən bəhs edilərkən onun öz gəlininə və daha sonra öz qızına aşıq olaraq onlarla evlənmək istəməsi əksini tapıb.
Nağıldan seçmələr:
”Padşahın saçına dən düşmüşdü, amma yenə şorgözlüyündən əl çəkməmişdi. İndi də oğlunun arvadına aşiq olmuşdu. Padşah tez-tez gəlinini yanına çağırıb onun başını sığallayırdı, öz arvadı nə bişmiş bişirirdisə yemirdi…” (səh 89)
Oğlunu öldürüb arvadını almaq fikrinə düşən padşahın vəziri bunu “namərdlik” adlandırdığı halda padşah fikrindən əl çəkmir. Ancaq oğlunu öldürtdürüb gəlini ilə evlənmək niyyəti baş tutmayan padşah bu dəfə daha çirkin xəyala düşür: “Bu zalım padşahın evdə aman-zaman, gözünün ağı-qarası bircə qızı qalmışdı. Qız yenicə 15 yaşına çatmışdı, qız nə qız, elə bil 15 gecəlik ay parçasıydı. Padşahın hər yerdən əli üzülüb indi də öz qızını almaq xülyasına düşmüşdü. Odu ki, bir gün qızını yanına çağırıb dedi:
- Ay mənim qəşəng qızım, de görüm bir bağban gözəl bir meyvə ağacı əkə, onu 15 il becərib bəsləyə, onun hər bir əzab-əziyyətinə dözə, həmən ağac bar gətirəndə onun meyvəsini yeməyə bağbanın haqqı var, ya yox?
Qız dedi:
- Ata, əlbəttə, bağbanın öz yetirdiyi meyvələrdən yeməyə haqqı var.
Qız bu sözləri deyən kimi padşah ona afərin söyləyib dedi:
- Qızım, əhsən, indi hazırlaş, bu günlərdə toyumuzu edək.
- Ata, nə toy?
-Qızım o bağban ki, deyirdim, o mənəm, sən də mənim yetirdiyim həmən meyvəsən. Səni özgəyə ərə verincə elə özüm niyə almıram. (səh.96)
Kitabın sonunda tərtibçi öz qeydlərində nağılda qədim Midiya adətlərinə, atəşpərəstlik izlərinə rast gəlindiyini bildirib, eyni zamanda zəngin ictimai məzmuna malik olduğunu, nağıl ənənələrimizin bir sıra gözəl xüsusiyyətlərinin qorunduğunu bildirir. Amma məlumdur ki, Azərbaycan nağıllarında zalım padşah obrazlarına tez-tez rast gəlinsə də, insest (ailə üzvü ilə nikah) millətimizə xas olmadığı kimi, nağıllarımıza da xas deyil.
Qeyd edək ki, ötən il Bakı sakini Tofiq Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu məhkəməyə vermişdi. İddiaçı bu institutun tərtib etdiyi 23 cildlik "Azərbaycan folkloru" kitabının redaksiya heyətini və çoxcildli kitabı nəşr edən "Nurlan" nəşriyyatını Azərbaycan xalqının milli mənəvi dəyərlərini təhqir etməkdə ittiham edirdi.
İddia ərizəsində qeyd olunurdu ki, Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə hazırlanan 23 cildlik "Azərbaycan folkloru külliyyatı" kitabının 6-cı (səh. 322-324), 9-cu (səh.93-95), 10-cu (53-54) cildində "Azərbaycan xalqına, onun tarixinə, məişətinə, adət-ənənələrinə və mədəniyyətinə açıq-aşkar hörmətsizlik" nümayiş olunub. Qeyd olunan cildlərdə yerləşdirilən nağıllarda açıq-saçıq səhnələr ədəbsiz formada - vulqar sözlərlə təsvir olunur. Amma bu da dərd deyil.
Külliyatın 6-cı cildindəki "Arzulounmaz kürəkən" nağılında qardaşın qardaşla, atanın inəklə cinsi əlaqəsindən söz açılır. Bundan başqa, məlum olur ki, bütün ailə üzvləri ana ilə də cinsi əlaqədə olublar.
Elnur
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22