Bu gün Bakı şəhərində Azərbaycan və Türkiyənin XİN başçılarının görüşü və birgə mətbuat konfransı keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla münasibətlərin normallaşmasının real göründüyünü bəyan edib.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan sülh prosesinə həmişə razı olub:
“Sadəcə olaraq Ermənistan Azərbaycan ərazisindəki separatçı rejimi dəstəkləyirdi və ümid edirdi ki, Azərbaycan onlara status verəcək. Bir günlük antiterror əməliyyatından sonra da Ermənistan müxtəlif yollarla Azərbaycana təzyiqlər etməyə çalışırdı.
Bu gün isə, Ermənistan dərk edir ki, onun inkişafı üçün Azərbaycanla sülh müqaviləsi imzalanmaqdan başqa çıxış yolu yoxdur. Azərbaycan və Türkiyə Ermənistanın qonşularıdır. Onlar dünya siyasətində mühüm rol oynayırlar və iqtisadiyyatları daim inkişaf edir. Azərbaycan regional iqtisadi layihələrin təşəbbüskarı olan dövlətdir. Ona görə də, Azərbaycanla ancaq dost olmaq olar.
Azərbaycanla kim düşmən olmaq istəyəcəksə, Dəmir yumruğun zərbəsini alacaq. Bu baxımdan, Ermənistan tərəfindən də onların sülhə hazır olduğunu işarə edən və sülh müqaviləsinin yaxın müddət ərzində imzalanacağını göstərən fikirlər səsləndirilir.
Əgər, bizim xarici işlər nazirimiz belə bir fikir səsləndiribsə, bu o deməkdir ki, doğrudan da, yaxın zamanda sülh müqaviləsi imzalana bilər. Azərbaycan buna yalnız “hə” deyə bilər. Ermənistan qonşu dövlətdir. Biz normal qonşuluq münasibətlərinin qurulmasında maraqlıyıq. Ticarət əlaqələri olmalıdır, ərazi bütövlüyünə hörmət edilməlidir, Ermənistan isə Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarından birdəfəlik əl çəkməlidir və s. Prinsip etibarilə, bunlar hazır görünürsə, yaxın zamanda sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik”, - deyə o qeyd edib.
Deputat sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı proseslərə də münasibət bildirib:
“Delimitasiya və demarkasiya prosesləri qısa zamanda həll olunacaq məsələlər deyil. Bunun üçün komissiyalar uzun müddət işləməlidirlər.
Əsas odur ki, tərəflər sülh müqaviləsi bağlasınlar və hərbi münaqişələr olmasın. Sonra isə xəritələr əsasında və birgə iş nəticəsində sərhədləri konkretləşdirə bilərlər”.
Murad İbrahimli