Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının (Aİ) ölkəsinə namizəd statusu verməsi ilə bağlı açıqlamasında “Gürcüstan bu gündən Avropa dövlətidir, Avropa ölkəsidir” deyib.

"Unikal" xəbər verir ki, Qaribaşvili bu gün Aİ-nin Gürcüstana namizəd statusu vermək qərarı ilə bağlı mətbuat konfransı keçirib.

Tbilisidə hökumət binasında Aİ Şurasının qərarını dəyərləndirən Qaribaşvili Gürcüstanın hazırda Aİ-yə namizəd ölkə olduğunu qeyd edərək, “Bu gündən Gürcüstan bir Avropa dövləti, Avropa ölkəsidir” deyib. 

Hökumət olaraq xüsusilə 2012-ci ildən Gürcüstanın Aİ-yə inteqrasiyası istiqamətində ciddi səylər göstərdiklərini xatırladan Qaribaşvili bu uğurun gürcü xalqına məxsus olduğunu bildirib.

Qaribaşvili ictimaiyyəti Aİ-nin qərarını qeyd etmək üçün sabah Tbilisidə Azadlıq meydanında keçiriləcək bayram tədbirinə dəvət edib.