“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti müasir çağırışların tələblərinə uyğun olaraq işə qəbul prosesində ciddi dəyişiklik edib.

"Unikal" xəbər verir ki, istər işğaldan azad edilən ərazilərdə, istər paytaxtda və ölkənin digər yerlərindəki enerji obyektlərində işləmək istəyənlər artıq heç yerə getmədən məsafədən quruma müraciət edə biləcəklər. Yəni işə qəbul edilmək mərkəzləşdirilmiş qaydada yalnız elektron formada həyata keçiriləcək.

Bunun üçün isə “Azərenerji”nin www.azerenerji.gov.az rəsmi internet səhifəsinə daxil olub “Karyera” bölməsinə keçid etmək lazımdır. Burada ilk növbədə vakansiyaları asanlıqla görmək və boş vakansiyanın hansı ərazi üzrə olmasından, məvacibinin nə qədər təşkil etməsindən tutmuş, bütün kriteriyalarını incələmək mümkündür. Bundan sonra portaldan qeydiyyatdan keçib, elektron müraciət formasını dolduraraq kadr ehtiyat bazasına CV yerləşdirmək lazımdır.

“Azərenerji”nin kadr siyasətində əsas məqsəd peşəkarlara və gənc nəslə yol açılması obyektivliyin və şəffavlığın qorunmasıdır.