Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 1 nömrəli tam orta mətkəbində və peşə liseyində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi”  mövzularında tədbirlər keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Zaur Nəsirov belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, şagirdlərə layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünən xeyirxahlığı özlərinə mayak seçmələri üçün dəyərli nəsihətlər verib. O, narkomaniya əlehinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb. 

Daha sonra tədbirdə digər məruzəçilər çıxış edərək şagirdlər üçün faydalı məlumatlar veriblər. Sonda polis rəisi məktəbliləri maraqlandıran suallara cavab verib.