"Referendumun keçirilməsi üçün hər hansı zərurət ortaya çıxmalı, məsələlər müzakirə olunmalıdır. İctimaiyyət tərəfindən regional idarəetmədə, dövlət idarəçilik sistemində müəyyən dəyişikliklər, parlamentdə deputatların sayının artırılması və digər məsələlər müzakirə olunur. Bunlarla bağlı bildirmək istərdim ki, referenduma zərurət, ehtiyac yaranacaqsa, çağırıla bilər".
Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirmək mühiti var:
"Eyni zamanda, hərtərəfli ictimai sabitlik mövcuddur. Azərbaycan sabitlik adasıdır. Bu baxımdan, Azərbaycanda istənilən seçkilər üçün tam şərait var. O cümlədən qanunvericiliyə uyğun olaraq hər bir şəxs bu seçkilərdə iştirak edə bilər".
S.Novruzov Azərbaycanda deputatların sayının artırılması ilə bağlı suala cavab olaraq bildirib ki, bununla bağlı müxtəlif fikirlər var: "Bəzi ölkələrdə deputatların sayı artırılır, bir çoxunda isə 200 ildir hansı saydırsa, o da qalıb. Baxsaq, həmin ölkələrin də əhalisi artıb. Məsələn, 1995-ci ildə Azərbaycanda əhalinini sayı 8 milyon idisə, hazırda 10 milyondan artıqdır. Burada təmsilçilik məsələsi artmalıdır kimi fikirlər səsləndirilir. Hazırda bir deputata hardasa 45 min seçici düşür. Bununla bağlı müxtəlif rəqəmlər də təklif olunur. Bu məsələlər hüquqi, siyasi, demoqrafik və regional cəhətdən əsaslandırılmalıdır. Əgər zəurət varsa, deputatların sayı artırılmalıdır. Parlamentin fəaliyyətini təhlil edəndə görürük ki, təmsilçilik normasını yerinə yetirir. Qəbul olunan qanunlara nəzər saldıqda görürük ki, vətəndaşlarımızın sosial müdafəsi, iqtisadiyyatımız, müdafiə, təhlükəsizlik və digər məsələlərlə bağlı qanunlar qəbul olunur. Deputatların sayının artırılması referenduma çıxacaqsa, insanlar səs verib istəyəcəklərsə, bu məsələ öz həllini tapacaq".
Anar Kəlbiyev