Dekabrın 14-i və 15-də Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq Lənkəran rayonunda səfərdə olub.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində koreyalı diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb.
İcra başçısı xarici qonağa Lənkəranın tarixi, coğrafi mövqeyi, ictimai-siyasi və sosial-iqtisadi həyatı, habelə iqtisadi əlaqələrin mümkün perspektivləri barədə ətraflı məlumat verib. Taleh Qaraşov cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Koreya ilə Azərbaycan arasındakı əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini vurğulayıb.
Koreyalı diplomat səmimi qəbula və xoş söhbətə görə icra başçısına təşəkkür edib. Səfir ölkələrimiz arasındakı qarşlıqlı münasibətlərin inkişafı barədə danışıb, kənd təsərrüfatı sahəsindəki əlaqələrin inkişafında daha maraqlı olduqlarını qeyd edib və bu istiqamətdə Lənkəranla əməkdaşlığın mümkün perspektivlərinə toxunub.
Qeyd edək ki, koreyalı diplomat səfər çərçivəsində “Lənkəran Konserv” ASC, “Azərsun Holding”in konserv kombinatı, “Azərxalça” ASC-nin Lənkəran filialı, “Beta Azərbaycan” şirkətinin çəltik emalı zavodu, “Yaşıl çay” FT-nın çay
fabrikinin fəaliyyəti ilə tanış olub, “Hallabonq” sitrus meyvələri və çay plantasiyalarına, həmçinin çəltik sahəsinə baxış keçirib və Xanbulançay dəryaçasına baş çəkib.