Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan şirkətlərin rəhbəri həbs edilib.
"Unikal" report-a istinadən xəbər verir ki, Koçi şəhərinin Kalamasseri qəsəbəsində polis və Mühacirlərin Müdafiəçisi təşkilatı tərəfindən qanunsuz işə qəbul firmalarına qarşı iki günlük əməliyyat zamanı şəhərdə iki firma bağlanıb və bir nəfər həbs edilib.
Məlumata görə, “Bhuvaneshwari Infotech” və “Manpower Consultancy” şirkətləri lisenziyasız fəaliyyət ittihamı ilə bağlanıb. Hər iki şirkətin sahibi, 42 yaşlı Pradip Kumar həbs edilib. Əsasən Azərbaycan, Polşa, Ukrayna və Kanada kimi ölkələrdə insanları işə götürmək vədi verən firmanın möhürləri, dəftərləri və iş üçün müraciət edənlərlə müqavilələr polis tərəfindən götürülüb.
Polisin məlumatına görə, hər iki şirkət işlə bağlı bir neçə müraciət edən bir neçə müştərini aldadıb. Pradip Kumar məhkəmə qarşısına çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşmanın da üzvləri həbs edilib. Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb.
Cinayət işi ilə bağlı 7 nəfər həbs olunub.