Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Mahmudov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, təqsirini boynuna almayaraq bəraət hökmünün çıxarılmasını xahiş edib.
Qeyd edək ki, ƏƏSMN və Ədliyyə Nazirliklərindən pensiyaların əsassız təyin edilməsi faktı və qəbul edilmiş qanunsuz qərarlarla bağlı daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Mahmudov barəsində cinayət işi açılıb.
İstintaq müəyyən edib ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsində işləyərkən müəyyən qərarlar qəbul etmək müqabilində rüşvət alıb. O cümlədən, təqsirləndirilən şəxslər göstərilən müddətdə əmək stajının və əlilliyin müəyyən edilməsi ilə bağlı qanunsuz məhkəmə sənədlərini aidiyyəti qurumlara təqdim etməyə nail olublar. Bu əsasda qanunsuz olaraq ümumilikdə 243 min manatdan artıq pensiya ödənilib.