Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən 2 mağazada pirotexniki vasitələrin satıldığı aşkarlanıb.
Həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 2 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.