“Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış cinayət işlərindən biri ilə bağlı növbəti məhkəmə araşdırması keçirilib.
"Unikal" xəbər verir ki, işə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılıb.
Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M.Ə. təqsirləndirilən şəxslərdir.
Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. İttihama görə, Elmir İsmayılov və onunla birgə mühakimə olunanlar “Sea Breeze”də dava salıb Elnur Məmmədovla Cavad Muradovu döyüblər. Dekabrın 19-da keçirilən prosesə Elnur Məmmədov gəlməyib.
Hakim M.Zeynalov bildirib ki, müstəntiqin çağırılması ilə bağlı bildiriş göndəriblər, amma o gəlməyib. Daha sonra iclas müşahidə kameralarından götürülmüş videogörüntülərin tətqiq olunması ilə davam edib. Bu zaman bir neçə video göstərilib. Videolara baxış zamanı vəkillərdən biri onun 40 dəqiqə olduğunu və tez baxılması üçün irəli çəkilməsini təklif edib. Bu zaman hakim bildirib ki, müdaxilə edilməsin, kimin vəsatəti varsa, video bitəndən sonra qaldırar.
Videolara baxdıqdan sonra təqsirləndirilən şəxslərdən birinin vəkili qeyd edib ki, kimin əməlində xuliqanlıq olması təşəbbüs göstərən şəxslə müəyyən edilə bilər. "Orada təşəbbüsü görməsək necə deyə bilərik xuliqanlıq edib?", - deyə sual səsləndirib.
Bu iş üzrə zərərçəkən Cavad Muradov fikrini bildirib. O göstərilən videoların biri ilə bağlı qeyd edib ki, material düzgün təqdim olunmayıb. "Göstərilən həmin videoda bu işə aidiyyəti olmayan şəxslərdir. Oradan keçəndə söyüş söydülər, ondan dava oldu". C.Muradov əlavə edib ki, bu məsələ hazırkı işə aid deyil.
Prokuror Amin Şəkərəliyev həmin videonu nəzərdə tutaraq bildirib ki, orada 4-5 nəfər bir-birini vurur.
Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli müdafiə etdiyin şəxsin orada olmadığını söyləyib: "İnternetdə baxın kimin adını yazırlar. Hər bir kəsin övladı var, biz burada qərəzli mövqedən çıxış etməyək".
Elmir İsmayılov qeyd edib ki, dostları onu oradan götürmək üçün gəliblər. Onlara yanlış istiqamət veriblər, onlar da ora gəlib çıxıblar.
Məhəmməd Həsənzadə: "Orada yazılıb ki, mən Cavadı vurmuşam. Mən Cavadı vura bilərəm?"
Prokuror Amin Şəkərəliyev deyib ki, bunlar videoda görünür.
Peyman Vəlizadə onların göründükləri video ilə bağlı söyləyib ki, Elnur Məmmədov söyüş söyüb və dava düşüb: "Kimisə ittiham etmək asandır. Bizə ora saat 4-ə 10 dəqiqə qalmış gəlmişik. Bizim dava eləmək niyyətimiz olmayıb. Elnur söyüş söydü, dava başladı".
Vəkillərdən biri qeyd edib ki, həmin videoda 30 nəfərə yaxın şəxs görünür və onların hamısı cəlb edilibmi?
Prokuror cavab olaraq istintaqın hələ də davam etdiyini bildirib.
Sonra məktəbli M.Ə-nin vəkili vurğulayıb ki, müdafiə etdiyi şəxs hər dəfə gəlib-gedir. Onun da fikri öyrənilsin. Daha sonra danışan M.Ə qeyd edib ki, o göstərilən videoda olmayıb. O, həmin vaxtı kənarda maşını park edirmiş. Məktəbli həmçinin, dərslərindən geri qaldığını, hər dəfə gəlib-getməyin onun üçün çətin olduğunu söyləyib.
Vəkil Abbas Kərimbəyli qeyd edib ki, müdafiə etdiyi Elmir İsmayılov orada döyülüb və həmin vaxt özündən başqa heç kim olmayıb.
Sonra təqsirləndirilən şəxslərin vəkilləri anten məlumatlarının dəqiqləşdirilməsi üçün sorğu verilməsi ilə bağlı vəsasət qaldırıblar. Onlar qeyd ediblər ki, həmin məlumatlara əsasən müdafiə etdikləri şəxslərin hadisə zamanı harada olduğu bilinəcək.
Hakim bildirib ki, vəsatət təmin olunsun və aidiyyəti üzrə mobil operatorlara sorğu göndərilsin.
Bundan sonra prosesin dekabrın 26-na qədər təxirə salındığını elan edilib.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur.
Anar Kəlbiyev