Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Hope Lake” və “EKO Zaqatala” “aqroturizm təsərrüflarına mediatur təşkil olunub. 

"Unikal" xəbər verir ki, media nümayəndələri “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən aqroturizm təsərrüfatları barədə məlumatlandırılıb, təsərrüfatlarda göstərilən xidmətlərlə yaxından tanış edilib. 

Jurnalistlər əvvəlcə Zaqatalanın “Hope Lake” təsərrüfatında olublar. Burada onlara heyvandarlıq və quşçuluq təsərrüfatları barədə ətraflı məlumat verilib. Qonaqlar orqanik məhsullarla hazırlanan təamların dadına baxıblar. 

Daha sonra media nümayəndələri Zaqatalanın Yuxarı Tala kəndində yerləşən “Eko Zaqatala” təsərrüfatında olublar. Burada qonaqlar arıçılıq təsərrüfatında müxtəlif arı məhsullarının hazırlanma qaydaları ilə yaxından tanış olublar. 

Jurnalistlər Zaqatalanın milli yeməklərindən sürhüllü, maxaranın bişirilmə qaydası barədə də məlumat əldə ediblər.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.