FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina futbolda hakimlərə hücum etməyin təkcə Türkiyənin problemi olmadığını bildirib və səlahiyyətlilərdən gec olmadan ölçü götürməyi xahiş edib.

"Unikal" xəbər verir ki, Kollina bildirib ki, bu hadisə (Türkiyədə hakimə hücum hadisəsi) mətbuatda yayılıb, lakin həvəskar liqalarında, kütləvi futbolda hakimlərlə bağlı medianın diqqətini cəlb etməyən çoxlu hadisə var.

"Bu hakimlərin əksəriyyəti gənclərdən ibarətdir. Onların çoxu sözlü, hətta fiziki hücumlara məruz qalır, özü də onları təhqir edənlər elə çox vaxt oynayan oğlan və qızların valideynləri olur. Bu qəbuledilməzdir. Bu, futbolu öldürə biləcək xərçəngdir. Dünyanın hər yerindən futbol liderlərinə yalvarıram ki, çox gec olmadan nəsə etsinlər. Artıq kifayətdir”, - deyə dünya futbolunun unudulmaz hakimlərindən Kollina vurğulayıb.