Artıq 10-cu dəfədir Prezident Kuboku turniri təşkil edirik. Yarışın yekun mərhələsinin məhz Prezident İlham Əliyevin doğum günündə keçirilməsi isə təsadüfi deyil.
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev çövkən üzrə Prezident Kuboku yarışının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanın ötən ay çövkən üzrə dünya çempionatına ev sahibliyi etdiyini xatırladan ARAF rəsmisi bildirib ki, bu cür beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsi mütəmadi hal alacaq. O, əsas məqsədin çövkəni yalnız Azərbaycanda deyil, bütün dünyada tanıtmaq olduğunu söyləyib.
2024-cü ildə Azərbaycanda peşəkar çövkən liqasına start veriləcəyini qeyd edən B. Nəbiyev diqqətə çatdırıb: “Bu yarışda 10-a yaxın komanda mübarizə aparacaq. Mövsüm ərzində bütün komandalar bir-birinə qarşı oyunlar keçirəcək. Bununla da ölkənin mütləq qalibi müəyyənləşəcək. Dekabr ayında isə 11-ci Prezident Kuboku turniri təşkil ediləcək. Bu iki turnirin qalibləri 2025-ci ilin ilk aylarında keçiriləcək Superkubok turnirində iştirak edəcəklər”.
Baş katib Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarında atçılıq idmanında təmsil olunmayacağını deyib. “Hazırda əsas hədəfimiz 2028-ci ildə Los-Anceles şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunlarıdır. Olimpiadada iki dəfə konkur yarışında iştirak etmişik. Amma artıq dresaj - atsürmə üzrə milli komandamız da var və o, Azərbaycandan kənarda ilboyu təlim-məşq toplanışlarındadır. Ümid edirəm ki, ölkəmiz 2028-ci ildəki Olimpiadanın atçılıq yarışlarında iki komanda ilə təmsil olunacaq”, - deyə Bəhruz Nəbiyev vurğulayıb.