Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb.

"Unikal" xəbər verir  ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin nümayəndələri, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 27 ailə - 95 nəfər köçürülüb. İndiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib.

***08:12

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 27 ailə (95 nəfər) yola salınıb.

"Unikal" xəbər verir ki, dekabrın 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Beləliklə bugünkü (25.12.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 203 ailə (783 nəfər) köçürülüb.