Şurasız Milli Şura
20:39 24-04-2013
CƏMİYYƏT
Şurasız Milli Şura
Parçalanmanın son həddi
Milli Şuranın yaradılması məsələsi artıq yekunlaşmaq üzrədir və indidən maraqlı məqamlar ortya çıxıb. Bunlar nədir? İlk növbədə məlum oldu ki, Milli Şura deyilən formada yaradılmayacaq. Belə ki, öncələr bəyan edilmişdi ki, yeni təşkilat Azərbaycan müxalifətini, QHT-ləri, gəncləri və ziyalıları əhatə edəcək. İlk zamanlarda bu ideyaya dəstək verilsə də sonradan aydınlaşdı ki, Milli Şuranın tərkibi bu şəkildə geniş olmayacaq.
Hətta müxalifət düşərgəsində olan bir sıra qurumlarla hətta danışıqlarda aparılmadı. Ekspertlər bildirdilər ki, belə bir addımın atılmasının, yəni müxalifət partiyalarının hamısı ilə danışıqların aparılmamasının bir sıra səbəbləri olub. İlk səbəb isə bu olub ki, aparıcı iki partiya AXCP və Müsavat üçüncü bir qüvvənin meydana çıxmasına razı olmayıblar və nəticədə yeni yaranmaqda olan Milli Şura formatını dəyişib.
Yeni üçlük və
köhnə şərtlər
Nəticədə məlum oldu ki, Milli Şura əslində cəmiyyəti əhatə etmək gücünü itirib və Milli Şuraya dair ölkənin 3 qurumu arasında danışıqlar aparılıb və yekunlaşmaq üzrədir. Bu qrumlar isə EL hərəkatı, AXCP və Müsavat Partiyasının rəhbərlərindən ibarətdir. Bu isə o deməkdir ki, Milli Şura əslində İctimai Palatanın başqa bir formasıdır. Yenə də burda üstünlük AXCP və Müsavatdadır və bu gündə müxalifətin bir araya gələ bilməməsinin başlıca səbəbi də məhz iki partiyanın bir araya gələ bilməməsindədir. Elə indinin özündə də bir tərəfdən hər iki partiya Milli Şurada təmsil olunmağa razılıq verib, bu biri tərəfdən isə Müsavat hətta seçki qərargahını da təsis edib.
Rüstəm İbrahimbəyovun yığcam manevr fürsəti
Amma aydın oldu ki, yeni birliyə EL hərəkatıda qoşulub və bununla Rüstəm İbrahimbəyov Milli Şurada səs qazanmağa ümid edir. Bu necə olacaq? Hazırda EL hərəkatına yaxın dairələr belə bir rəy yaratmağa çalışırlar ki, ölkədə yen nəfəsə ehtiyac var və bu elə Rüstəm İbrahimbəyovun özü ola bilər. Buna görə indidən bu fikir gündəmə buraxılıb ki, Rüstəm İbrahimbəyov Milli Şuraya ən layiqli namizəd olacaq. Həmçinin yeni təşkilatda EL hərəkatıda iştirak edir ki, bu qurumun rəhbəri Eldar Namazovdur və o da Rüstəm İbrahimbəyovun tərəfdarıdır. Beləliklə maraqlı bir səhnə yaranır. Səhnədə isə İsa Qəmbər-Əli Kərimli-Eldar Namazov-Rüstəm İbrahimbəyov dostluqu və gərginliyi dayanır. Bunu da unutmayaq ki, Eldar Namazovda prezidentliyə namizəddir və deməli heç də hər şey qıraqdan göründüyü kimi qaydasında deyil. Elə bir müddət öncə açıqlama verən Ziyalılar Forumunun üzvü Rafiq Əliyevdə bildirdi ki, artıq müxalifətin birliyinə inamı qalmayıb və iddialar imkan vermir ki, real nəticə əldə edilsin. Belə olan halda aydın olur ki, Milli Şuranın yaradılması heç nəyi dəyişməyəcək. Sadəcə olaraq Rüstəm İbrahimbəyov hansısa dairələrə öz gücünü nümayiş etdirəcək ki, AXCP və Müsavatı bir təşkilatda birləşdirə bildi, partiyalar isə çalışacaqlar ki, Milli Şuranın adından öz təsirlərini artırıb ana müxalifət adını qazansınlar. Bunu da qeyd edək ki, artıq proses başlayıb.
Əli Kərimlinin
gözləntiləri
Bu gün müxalifət düşərgəsində birləşmədən, vahid namizəddən danışmağa dəyməz. Çünki bununla bağlı proseslər artıq son çatıb və bu gün yalnız müxalifət düşərgəsindən 15 nəfər prezidentliyə namizəd olacağını bəyan edib. Belə olan halda Milli Şura sadəcə olarq yeni bir namizədi cəmiyyətə təqdim edə bilər və bu qüvvənin əsas niyyəti bu olacaq ki, ana müxalifət adından gündəmə gəlsin. Bu seçim isə AXCP ilə hazırda Müsavat arasında gedir. Düzdür Eldar Namazovda belə iddiada ola bilər. Amma məsələ burasındadır ki, bu gün bir sırada dursalarda İsa Qəmbərlə, Əli Kərimli sona qədər Eldar Namazova inanmır və ilk fürsətdə Eldar Namazova zərər vurulacaq. Ən azından ona görə ki, artıq illərdi ki, müxalifət düşərgəsində olan Eldar Namazovu sona qədər qəbul etmir və yeri gələndə onu Rusiyanın dəstəklədiyi namizəd kimi təqdim edirlər.Belə olan halda Milli Şura sadəcə olaraq iki partiya sədrindən birinin seçki qərərgahı olacaq. Bəs bu fürsəti kim qazana biləcək. Hazırda baş verənlər təsdiqləyir ki, Müsavat partiyası sona qədər Milli Şuraya inanmır və çıxarılacaq hansısa qərarı qəbul etməyə bilər. Çünki son zamanlar aydın olur ki, Milli Şuranın tərkib hissəsi olacaq EL hərəkatında AXCP ilə bir yaxınlaşma var və sabah bu qüvvələr Milli Şurada birləşərək Müsavatı mat vəziyyətinə sala bilərlər. Elə hərəkatın üzvü olan Eldəniz Quliyevin son açıqlamada İsa Qəmbərə yox, AXCP sədrinə xüsusi simpatiya ilə yanaşmasıda buna əyyani misaldır. Belə ki, “EL” hərəkatının üzvü Eldəniz Quliyev hesab edir ki, birlik məsələsinə münasibət birmənalı olmalıdır. Çünki bu, sosial sifarişdi. “Əli Kərimli öz fəaliyyətində həmişə ləyaqət nümunəsi göstərib, birliyə çağırışı təkcə sözdə deyil, əməldə də sübut edib. Hər kəs başa düşməlidir ki, bu birlik olmasa biz növbəti zərbə deyil, öldürücü zərbə alacağıq”- deyə Eldəniz Quliyev vurğuladı.
Əli Kərimli deyib ki, müxalifətin birləşməsi üçün əlindən gələni edəcək: “Birləşmiş müxalifət etimad göstərsə, birləşmiş müxalifətin namizədi olaraq Azərbaycan xalqını demokratiyaya qovuşdurmaqdan ötrü hər şeyi edəcəyik, bu məsuliyyəti üzərimizə götürəcəyik. Yox, birləşmiş müxalifət belə qərara gəlsə ki, AXCP sədri Əli Kərimlinin deyil, bir başqasının namizəd olmasını istəyir, sizin bir çoxunuzun etirazına rəğmən, mən bununla razılaşmaq fikrindəyəm. Amma istəyirəm ki, bunu hər bir lider öz partiyasında desin. Biz o zaman birləşə biləcəyik ki, hər kəs bu millətin qarşısına çıxsın və desin ki, mənim şəxsi ambisiyalarım sizin qurtuluşunuzdan vacib deyil”.
Əslində bu tip açıqlamanı dəfələrlə İsa Qəmbərdə verib və istənilən görüşə açıq olduğunu bəyanlayıb. Amma bu gün Eldəniz Quliyevin Əli Kərimliyə belə üstünlük verməsi artıq başqa məqamlardan xəbər verir. Ekspertlər hesab edir ki, əslində bu açıqlamalar sübut edir ki, Milli Şuranın yaradılması ilə bağlı müxtəlif qatlı söhbətlər aparılır və bu qatların bəziləri heç də Müsavat partiyasının maraqlarına cavab vermir. Elə bunu nəzərə alan Müsavat partiyası da hər hansı bir qərarı gözləmədən seçki qərərgahının nizamnaməsini gündəmə gətirdi.
Milli Şuradan
növbəti gərginliyə
Ekspertlər hesab edir ki, Milli Şuranın yaradılması fikri o qədər gec və məhdud dairəli oldu ki, artıq prinsipial məsələlərdən danışmaq belə yersizdir. Çünki müxalifət daxilində hələ ki, 15 prezidentliyə namizəd varsa, deməli seçki kompaniyası zamanı kimsə kimisə müxalifətin vahid namizədi kimi faktiki təqdim edə bilməyəcək. Ən maraqlısı isə budur ki, bu namizədlər hazırda rəqib kimi qarşıda hakimiyyəti yox elə bir-birilərini görürlər. Deməli atılan hər bir addım müxalifət daxilində gərginliyi daha da artıracaq. Məsələn, sabah heç kim iddia edə bilməyəcək ki, KAXCP sədri Mirmahmud Mirəlioğlu müxalifəti təmsil edə bilməz və müxalifətin namizədi məhz Milli Şuranın dediyi şəxs olmalıdır. Çünki Mirmahmud Mirəlioğlunun hazırda müxalifət düşərgəsində kifayət qədər tərəfdarları var və seçkilərdə o gücü nümyiş etdirə biləcək. Bundan başqa hazırda AMİP və ADP-də gücünü səfərbər etməkdədir. Bu gücdə müxalifətdaxili proseslərə yönələcək və gərginlik daha da artacaq. Bütün bunlar isə açıq şəkildə təsdiqləyir ki, artıq müxalifət seçki taktikasında yanlışlığa yol verib və bu yanlışlıq sadəcə olaraq proseslərin gərginlik şkalasını artıracaq və müxalifətin bu seçkilərdə rolu sadəcə olaraq rəqabət xətrinə rəqabət olacaq.
Hakimiyyətin
yanaşması
Öncələr hakimiyyət Milli Şuranın yaranmasına həssas yanaşırdı və hesab edilirdi ki, bu Rusiyanın üzərində durduğu bir layihədir. Amma görülən əks addımlar məsələnin ciddiliyini azaltdı. İlk növbədə aydın oldu ki, Azərbaycan cəmiyyəti Rusiyanın təsirində olan hər hansı bir qüvvəni həzm etmək imkanında deyil və bunu görən müxalifət qüvvələri də maksimum dərəcədə ehtiyatla hərəkət etdilər. Bundan başqa Rusiyanın təsir dairəsində olan bu qüvvələrin bəzi aparıcı simaları bəyan etdilər ki, hər zaman prezident İlham Əliyevin yanında olacaqlar. Bu isə həmin qüvvələrin özündə çaşqınlıq yaratdı və mövcud hakimiyyət artıq bu qüvvələrə ciddi qüvvələr kimi yanaşmadı.
Milli Şura ideyası çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır. Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib.
"Milli Şura sözu eşidəndə mənim yadıma şura hökuməti düşür. Bəlkə, onlar şura hökumətini bərpa etmək istəyirlər? Bu Milli Şura deyənlərin arxası elə şura hökumətinə bağlıdır. Ona görə də xalqdan heç bir dəstək ala bilməyəcəklər", - Qurbanlı deyib.
O qeyd edib ki, yadlara əl açıb, yadlara söykənənlər heç vaxt xalqın məhəbbətini qazana bilməzlər. "Milli Şura haradan çıxdı? Azərbaycan sabit-sakit bir ölkədir, müstəqil bir dövlətdir. Müstəqil bir dövlətdə dövlətçiliyimizin möhkəm olduğu bir vaxtda, hansısa qeyri-qanuni bir qurumun yaradılmasını bəyan etmək, ona hansısa səlahiyyətlər verilməsinə çağırmaq anti-konstitusiondur", - Qurbanlı deyib.
Son
Nəticə artıq məlumdur. Məlum olan isə budur ki, cəmlər dəyişsədə nəticə dəyişməz. Bu gün eyni sosial bazaya, eyni iddialara sahib olan qüvvələrin fərqli təşkilatlar adı altında bir araya gəlməsi heç nəyi dəyişmir. Əksinə qüvvələr onda daha da çox parçalanır. Bu gün necə ki, İctimai Palata bir kənara buraxıldı yerinə Ziyalılar Forumu yaradıldı və güc itirildi. Necə ki, Ziyalılar Forumu diqqətdən düşdü yerinə EL hərəkatı yarandı və güclər daha da tükəndi.Bu gün isə Milli Şuranın yaradılması ilə qüvvələr daha da çılpaq hala salınacaq. Bu isə o deməkdir ki, yaradılması nəzərdə tutulan təşkilat qısa müddətli bir ajiotaj yaradacaq və bundan sonra daha ciddi parçalanma ilə üz-üzə qalacağıq.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22