Siyasi islahatlara start verildimi?
20:41 24-04-2013
CƏMİYYƏT
Siyasi islahatlara
start verildimi?
19 il öz postunda rahatca əyləşən müdafiə naziri Səfər Əbiyev hələ də kreslosunda mürgüləməklə məşğuldur
Ölkədə siyasi islahatların və o cümlədən kadr islahatlarının aparılmasının zərurəti barədə hamı danışır həm müxalifət, həm də iqtidar mənsubları. Düzdür, bu iki düşərgənin siyasi islahatlar, fundamental kadr dəyişiklikləri barədə öz prinsipləri və maraqları var.
Ekspertlərn hesab edirlər ki, iqtidar seçkiqabağı bir sıra əhəmiyyətli addımlar atmalıdır ki, seçicilərin hüsn-rəğbətini qazansın.
Bu ilin ortalarına nəzərdə tutulan təqaüdlərin və əməkhaqlarının artırılması niyyəti birbaşa prezident seçkiləri ilə bağlı atılan addımlar olacağını vurğulayanlar da var.
Hələlik hazırda diqqətdə olan iki əsas struktur var: Təhsil və Müdafiə nazirlikləri.
Bəlli səbəblər üzündən bu iki qurumun başçıları həm mətbuatın, həm də ictimaiyyətin diqqət mərkəzində idi.
Prezident birinci qurumun başçısını "yola saldı": nəhayət, Azərbaycan təhsil sistemi Misir Mərdanovun cəngindən qurtula bildi.
İkincisi isə, yəni 19 il öz postunda rahatca əyləşən müdafiə naziri Səfər Əbiyev isə hələ də kreslosunda mürgüləməklə məşğuldur.
Təhsil naziri Misir Mərdanovun vəzifəsindən azad edilməsi ölkənin siyasi gündəmində müxtəlif reaksiyalara yol açıb. Bəzi ekspertlər bu addımı hakimiyyətin siyasi islahatlara start verməsi kimi dəyərləndirməyə başlayıblar. Bu fikirdə olanlar vəzifələrini itirəcək nazirlərin sırasının genişlənə biləcəyini düşünürlər. Ancaq bu iddialara ciddi yanaşmayanlar da mövcuddur.
Alternativ mövqedə olanlar hesab edirlər ki, Azərbaycan hakimiyyətinin ciddi siyasi islahatlara getmək imkanları bir qədər yubadılıb. Və əslində hakimiyyətin heç belə bir niyyəti də müşahidə edilmir. Ona görə də Misir Mərdənovun təhsil naziri vəzifəsindən kənarlaşdırılmasını, ən yaxşı halda, siyasi islahat imitasiyasına cəhd kimi dəyərləndirmək mümkündür.
Ekspertlərin müşahidəsinə görə, təhsil nazirinin dəyişdirilməsinə istənilən halda, ilk addım kimi yanaşmaq olar. Və siyasi sistemin yenilənməsi baxımından, bu prosesin davam etdirilməsi olduqca vacibdir. Ancaq siyasi sistemin dəyişdirilməsi üçün yalnız təhsil nazirinin vəzifəsindən azad edilməsi qətiyyən yetərli deyil. Əgər proses davamlı xarakter alarsa, onda, siyasi sistemin yenilənməsi istiqamətində müəyyən müsbət nəticələr alına bilər.
Bu baxımdan, yalnız bir nazirin vəzifədən azad olunması ilə siyasi sistemin restavrasiyasına start verilməsi qənaətinə gəlinməsinin də hələ çox tez olduğunu düşünmək mümkündür. Hakimiyyətin ciddi şəkildə restavrasiya olunmağa ehtiyacı var. Və siyasi islahatlara ehtiyacını artıq hakimiyyətin özü də hiss edir. Ancaq hakimiyyətin belə bir dəyişikliklərə qərar verəcəyini əminliklə söyləmək üçün bir müddət gözləmək lazım gələcək.
Ekspertlər təhsil nazirinin əvəzlənməsinin məhz seçki ilində baş verməsinə də diqqət çəkirlər. Onların fikrincə, hakimiyyətin bu addımla müəyyən seçkiqabağı dividentlər qazanmağa ümid bəslədiyi də qətiyyən istisna deyil. Çünki təhsil sistemi Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətini birbaşa maraqlandıran sahədir. Və bu sahədə müsbət dəyişikliklərin müşahidə edilməsi hakimiyyətin qazanacağı səslərin sayını da artıra bilər.
Bununla belə, yalnız nazirin dəyişdirilməsi ilə təhsil sistemində olan çoxsaylı problemlərin aradan qaldırılmasının mümkünlüyünə də şübhə ilə yanaşmaq olar. Yeni təhsil nazirinin bu sahədə fəaliyyət göstərən indiki köhnə komanda ilə uğur qazanması çox çətindir. Ciddi uğurlar üçün təhsil sistemindəki köhnə komandanın yeni gənc və peşəkar kadrlarla əvəzlənməsi də vacibdir.
Nadir Osmanlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22