Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax rayonu və Bakı şəhəri ərazisində qanunsuz əhəngdaşı hasilatı faktları ilə bağlı araşdırma aparılıb.
"Unikal" xəbər verir ki, araşdırmalar zamanı Qazax rayonu ərazisində yerləşən “Həcərli Qaya” əhəngdaşı yatağında “İncəli Kiçik Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri və paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında naməlum şəxs(lər)in vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahəsini zəbt etmələri və qanunsuz hasilat aparmaları nəticəsində təbiətə 109 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Aşkar olunan qanunpozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.