Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır. Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin, bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur.

"Unikal" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

“Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir”.

Xidmət rəisinin sözlərinə görə, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək. Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var:

“Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.

N.Mahmudovun sözlərinə görə, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 m/s, gecə və səhər bəzi yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq.

**** 14:54

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarada qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların ( Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək, aran rayonlarında gecə 0-5° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

**** 13:22

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi axşama doğru bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.