Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.
"Unikal"ın xəbərinə görə, bu barədə erməniəsilli Fransız jurnalist Leo Nicolian yanvarın 7-də “X” (keçmiş Twitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.
O qeyd edib ki, M.Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.
Fransa vətəndaşı M.Ryanın dekabrın 4-də Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.
Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Məlum olduğu kimi 2023-cü il dekabr ayının 20-də Fransa Prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.
Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.