Füzuli Ələkbərovun "Asan xidmət" narahatlığı
21:07 27-04-2013
İQTİSADİYYAT
Füzuli Ələkbərovun "Asan xidmət" narahatlığı
Nazir sosial yardımların verilməsinin nəzarətindən çıxmasını istəmir
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ünvanlı sosial yardımların onun nəzarətindən çıxarılmasına dair təkliflərin səslənməsindən narazıdır. Nazir bu istiqamətdə səsləndirilən fikirləri etirazla qarşılayıb. Baxmayaraq ki, bu mövzu ilə bağlı nə onun özü, nə də rəhbərlik etdiyi nazirliyin sözçüləri hələlik heç bir mövqe sərgiləməyiblər. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildiriblər.
Mənbəmiz xatırladıb ki, təxminən bir ay əvvəl ombudsman Elmira Süleymanovanın parlament qarşısında verdiyi illik hesabatda əksini tapan bir sıra maraqlı məqamlardan biri də aztəminatlı ailələrə verilən sosial yardımların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq yeni yaradılmış "Asan" xidmət mərkəzinə verilməsi ilə bağlıdır: "İnsan hüquqları üzrə müvəkkilin təklifində qeyd olunurdu ki, sosial yardımların verilməsində aşkarlanan neqativ halların sayı artdığı üçün bu sahədə yeniliklər etmək lazımdır. Bunun da ən sərfəli yolu sosial yardımların verilməsi "Asan" xidmətə həvalə edilməsidir. Elmira Süleymanova onu da demişdi ki, ötən il ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı onun ünvanına 470 müraciət daxil olub, müraciətlərin təhlili isə göstərib ki, mövcud sahədə hələ də bir sıra nöqsanlar qalmaqdadır. Ombudsmanın fikrincə, "Asan" xidmət sistemi vasitəsilə təyin edilməsi bu sahədə olan mənfi halların qarşısının alınmasına yardım edə bilər. Xatırlatmaq yerinə düşərdi ki, ombudsmanın bu təklifi əksər millət vəkilləri tərəfindən müsbət qarşılanıb və dəstək qazandı. Məsələn, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, "Asan" xidmət qısa vaxt ərzində fəaliyyətə başlamasına baxmayaraq, vətəndaşların güvənini qazanıb. Onun sözlərinə görə, sosial müavinətlər verilən gündən insanlar bir çox problemlərlə qarşılaşıb, korrupsiya hallarının əhatəsi genişlənib, bu kimi problemlər nəinki bir bölgədə, bütün bölgələrdə yaşanıb. "Asan" xidmətin yaradılması isə vətəndaşlara öz problemlərini həll etməkdə bilavasitə yardımçı olacaq. Ona görə də Məlahət xanım (eləcə də digər deputatlar!) qaldırılan bu təklifi çox yüksək qiymətləndirmişdi. Füzuli Ələkbərovda narahatlıq və narazılıq yaradan da budur - həm ombudsmanın sözügedən təşəbbüsü irəli sürməsi, həm də həmin təşəbbüsün əksər deputatlar tərəfindən müsbət qarşılanması!".
Nə nazirin, nə də onun nazirliyinin sözçülərinin aradan bir ay keçməsinə baxmayaraq, ombudsmanın təklifinə münasibət sərgiləməməsinin məhz həmin narahatlıq və narazılıqla bağlayan mənbə bildirib ki, əslində ünvanlı sosial yardımların verilməsinin "Asan xidmət"ə həvalə olunması yaxşı təşəbbüsdür: "Bu, həm ünvanlı sosial yardımların verilməsində rüşvət, korrupsiya, süründürməçilik kimi halların aradan qalxmasına kömək edə, həm də daha bir sahədə şəffaf mühitin yaranmasına gətirib çıxara bilər. Bu, nazirin özü üçün də yaxşı təşəbbüsdür. Çünki indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyli işçisi ünvanlı sosial yardımların verilməsindəki qanunsuzluqlara görə həbs edilib, nəticədə Füzuli Ələkbərov da zaman-zaman qınaq hədəfinə çevrilib. Bu vəziyyətdən qurtulmağın ən yaxşı yolu məhz ünvanlı sosial yardımların verilməsi prosesindəki məsuliyyətdən azad olmaq olardı. Amma Azərbaycan reallığında başqa bir məqam da var. Bizdə heç bir iri məmur səlahiyyətlərinin azalmasını həzm etmir, bununla barışmır. Hesab etmək olar ki, indi əmək və əhalinin sosial müdafiəsi nazirinin məlum təşəbbüsə narahat və narazı münasibət sərgiləməsinin kökündə də məhz bu məqam dayanır".
Mənbə bildirir ki, hələlik ünvanlı sosial yardımların ayrılması prosesinin "Asan xidmət"ə verilməsinin mümkünlüyü o qədər də real deyil: "Məsələ burasındadır ki, "Asan xidmət" mərkəzləri hələlik Bakıda fəaliyyət göstərir, bölgələrdə isə mövcud deyil. Bildiyimə görə, "Asan xidmət"in planında var ki, bölgələrdə də xidmət sahələri yaradılsın. Ünvanlı sosial yardımlar da məhz ondan sonra bu xidmətə həvalə edilə bilər. Bu isə əlbəttə, gələcəyin işidir. Görünür, Füzuli Ələkbərov onu narahat edən, narazı salan təklifə iradını həm də məhz buna görə gizli saxlayır. Bilirik ki, indi həmin təklifin reallaşması onsuz da real deyil".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55