Bu gün 1,25 milyard nəfər yetkin şəxs tütün istifadəçisidir və tütün məhsullarından istifadə səviyyəsi azalmağa doğru gedir.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün dərc olunmuş hesabatında deyilir. 2000-ci ildə dünyada hər üç şəxsdən biri tütün istehlakçısı idisə, indi təxminən hər beş yetkin şəxsdən biri tütün istehlakçısıdır.

Hesabatda bildirilir ki, artıq 150 ölkə tütün məmulatlarından istifadəni uğurla azaltmaqdadır. Belə ki, Braziliya və Hollandiya ÜST tərəfindən tövsiyə olunan “MPOWER” tütünə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsindən sonra uğura nail olublar: Braziliyada 2010-cu ildən bəri 35 faiz azalma müşahidə olunub, Hollandiya isə müəyyən edilmiş 30 faizlik hədəfə yaxınlaşır.

Bununla belə, altı ölkədə - Konqo, Misir, İndoneziya, İordaniya, Oman və Moldova Respublikasında hələ də tütündən istifadə hallarında artım müşahidə olunur.

“Son illər ərzində tütündən istifadə ilə mübarizədə əhəmiyyətli irəliləyişə nail olunsa da, hazırda fəaliyyətsiz oturmaq vaxtı deyil. Mən çoxsaylı insan həyatları hesabına tütün sənayesinin gəlir əldə etmək üçün nələrə hazır olduğunu biləndə dəhşətə gəlirəm”, – deyə ÜST-nin sağlamlığın möhkəmləndirilməsi üzrə departamentinin direktoru Ryudiger Krex bildirib.

“Hökumətin tütündən istifadə ilə mübarizədə qalib gəldiyini düşündüyü məqamda, tütün sənayesi səhiyyə siyasətində idarəçiliyi ələ almaq və ölümcül zərərli məhsullarını satmaq üçün hər fürsətdən istifadə edir”.

ÜST ölkələri tütündən istifadə edilməsi və tütün sənayesinin müdaxiləsi ilə mübarizə siyasətini davam etdirməyə çağırır.

Hazırda tütün məmulatlarının istifadəsi üzrə ən yüksək göstəricilər Cənub-Şərqi Asiya bölgəsində müşahidə olunur, burada əhalinin 26,5 faizi siqaret çəkir. İkinci yeri isə əhalinin 25,3 faizinin bu və ya digər formada tütün istehlak etdiyi Avropa tutur.

ÜST-nin məlumatına əsasən, Avropa bölgəsindəki qadınlar arasında tütündən istifadə səviyyəsi dünya göstəricilərindən iki dəfə çoxdur və bu rəqəmdə azalma bütün digər bölgələrə nisbətən daha yavaş gedir. Hesabatda 2030-cu ilə qədər bu bölgədə siqaretdən istifadə ilə əlaqəli xəstəliklərin ən yüksək həddə olacağı proqnozlaşdırılır.

ÜST-nin hesablamalarına görə, 2025-ci ilə qədər dünyada tütündən istifadə göstəricilərində 2010-cu illə müqayisədə 25 faiz azalma əldə ediləcək ki, bu da müəyyən edilmiş hədəfdən 30 faiz aşağıdır. Dünyanın yalnız 56 ölkəsi bu göstəriciyə çata biləcək.

ÜST ölkələri tütündən istifadə ilə mübarizə səylərini sürətləndirməyə çağırır, çünki qarşıda görüləcək işlər hələ çoxdur. ÜST-nin məlumatına görə, səhiyyə sahəsinin dünya üzrə tütün sənayesinin artan müdaxiləsindən qorunması ilə bağlı göstəricilər aşağı düşüb.

Tədqiqatlar ardıcıl olaraq göstərir ki, 13-15 yaşarası uşaqlar əksər ölkələrdə tütün və nikotin məhsullarından istifadə edirlər. Gələcək nəsilləri qorumaq və tütün istehlakının daha da azalmasını təmin etmək üçün ÜST bu il Ümumdünya Tütünsüz gününü uşaqları tütün sənayesinin təsirindən qorumağa həsr edəcək.

Fevral ayında ölkələr Panamada ÜST-nin Tütünə qarşı Çərçivə Konvensiyasının Tərəflər Konfransının 10-cu sessiyasında toplaşacaqlar.