İsrail Səhiyyə Nazirliyi qurumun "anti-İsrail baxışları" olduğunu əsas gətirərək, həkimlərin 7 oktyabr hücumlarını araşdıran BMT rəsmiləri ilə görüşməsinə qadağa qoyub.

"Unikal" xəbər verir ki, BMT İnsan Haqları Şurası tərəfindən yaradılmış istintaq komitəsi son həftələrdə 7 oktyabr hadisələrinin şahidi olan israilli həkimlər və digər səhiyyə işçiləri ilə əlaqə saxlamağa çalışır.

İstintaq komitəsinin hadisələr başlayandan “beynəlxalq və gender əsaslı cinayətləri araşdırdığı” və səhiyyə rəsmiləri ilə müsahibə apararaq məlumat əldə etmək istədiyi qeyd edilib.

Xəbərdə İsrail dövlət televiziyası KAN-ın Ədliyyə Nazirliyinin hüquq departamentinin Səhiyyə Nazirliyinin rəsmilərinə göstəriş verdiyi və səhiyyə işçilərindən BMT-nin istintaq komissiyası ilə danışmamağı xahiş etdiyi bildirilib.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat istintaq komissiyasını “anti-İsrail və antisemit bir quruluş” kimi qiymətləndirdiyi də bildirilib.

BMT-nin İnsan Haqları Şurası tərəfindən yaradılmış istintaq komitəsinin hazırladığı hesabat iyun ayında tamamlanaraq BMT Baş Assambleyasına təqdim olunacaq.