Birləşmədən ayrılanlar
19:36 01-05-2013
İQTİSADİYYAT
Birləşmədən ayrılanlar
Azərbaycan insanı hakimiyyətin dəyişməsi ilə nəyinsə müsbətə doğru dəyişəcəyinə inanmır
İctimai Palata yarananda cəmiyyətin bütün kəsimlərini özündə birləşdirən, seçki hüququ pozulmuş namizədləri və yaxud namizədliyə iddialıları əhatə edən bir qurum kim nəzərdə tutulmuşdu. Bu baxımdan da onun qarşısında konkret vəzifə dururdu: parlamentin buraxılması və buna alternativ fəaliyyət qurmaq. Yəni İctimai Palata siyasi partiyaların birliyi kimi deyil, fərdləri əhatə edəcək qurum kimi nəzərdə tutulmuşdu. Ona görə də bir çox siyasi fəallar bu qurumun üzvü olmağa başladılar.
Bununla belə, İctimai Palata öz qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmədiyi azmış kimi həm də özünün əsas hədəflərindən yayındı. İctimai Palatanın yaranması haqqında qərara, onun əsasnaməsinə baxsaq, görərik ki, orada qarşıya qoyulmuş hədəflərlə bu günki fəaliyyət arasında kəskin bir fərq var. Və bundan savayı da, faktiki olaraq, İctimai Palata milli-azadlıq hərəkatından sonra cəmiyyətin müxtəlif kəsimlərini özündə cəmləşdirmək baxımından ikinci ən güclü koalision qurum idi və demokratiya uğrunda hərəkata çevrilə bilərdi. Amma bu qurumun cilalanması üçün yeni bir model tapmaq mümkün olmadı və İP-nın rayon şöbələrinin yaradılması və s. kimi təsisatlar onu əsas hədəflərindən yayındırdı. Və belə bir situasiyada İctimai Palatanın faktiki fəaliyyətini dəyərləndirəndə göründü ki, bu qurumun heç bir perspektivi yoxdur.
Bunu anlayan İP mənsubları sonradan müxalifətin daha geniş formatda birləşməsindən danışmağa başladılar. Ortalığa Məşvərət Məclisi və nəhayət, mifik Milli Şura formatları gəldi. Amma müxalifətin indiki durumunda bu formal yeniliklər də nikbin olmağa əsas vermir. Çünki bu müxalif birliklərin hamısında eyni mahiyyət kəsb edən fəaliyyət görürük və bunun da bir xeyli səbəbləri var. Başlıca səbəb odur ki, müxalifət birlikləri ciddi bir böhran yaşamaqdadır.
Bu böhranın başlıca səbəbi siyasi sistemimizdəki boşluqlardır.
Digər mühüm səbəb isə AXCP ilə Müsavat partiyasının daxilində yeniləşmənin olmamasıdır. “Yeniləşmə” deyərkən mən əsla onu nəzərdə tutmuram ki, İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getməlidir və onun yerinə kimsə gəlməlidir və yaxud AXCP sədri Əli Kərimli öz postunu kiməsə təhvil verməlidir.
Fikrimcə, birinci növbədə məsələlərə yanaşma tərzində yeniləşmə olmalıdır. İkincisi isə, bu partiyaların qarşılarına qoyduqları hədəflər konkret şəkildə müəyyən edilməlidir. Bəlkə də, on-on beş ildir ki, Azərbaycan müxalifətinin əsas sloqanlarına, şüarlarına diqqət yetirsək, görərik ki, heç nə dəyişilməyib. Nədi bu şüarlar? “Demokratiya, azadlıq, azad seçki, insan hüquqları, istefa” və s. və i.a. Bilirsiniz, Azərbaycan müxalifətinin on beş il ərzində eyni pafosla təkrar etdiyi bu şüarlar Azərbaycan əhalisinə heç nə demir. “Azad seçki” deyəndə sıravi vətəndaş düşünür ki, “Bunlar yenə də hakimiyyət davası edirlər! Azad seçki keçirin, mən udum, gəlim hakimiyyətə! Sən deputat və ya prezident olacaqsan, bəs mənim üçün nə dəyişiləcək?” Vətəndaş ona təklif ediləni müxalifətin bu şüarlarında görmür. “İstefa!” şüarı yenə də sıravi vətəndaşın şüurunda həmin fikri doğurur: “Sən hakimiyyətdən get, mən gəlim sənin yerinə”. Və məsələnin bu tərəfini də nəzərdən qaçırmayaq ki, bu hakimiyyət dəyişmələrindən, loru dildə desək, insanların da “əli yanıb”. Bu günəcən Azərbaycanda mövcud olmuş heç bir hakimiyyət insanların sosial durumunu yaxşılaşdırmayıb. Ona görə də Azərbaycan insanı hakimiyyətin dəyişməsi ilə nəyinsə müsbətə doğru dəyişəcəyinə inanmır. Beləliklə də, cəmiyyət özü özünü siyasətdən kənarlaşdırıb və siyasətçilər də bu meydanı tərk ediblər. Sanki ortada kiçik bir meydança qalıb və siyasətçilər öz aralarında oynayırlar. Bununla belə, tamaşaçı yoxdur, azarkeş yoxdur. Ona görə deyirəm ki, birinci növbədə hədəflər müəyyənləşməlidir. Konkret şəkildə aydın olmalıdır ki, müxalifət əhalinin maraqlarını ifadə edir. Bu gün əhalinin böyük əksəriyyətini nədir narahat edən? Bu, demokratiya deyil və bunu etiraf etmək lazımdır. Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil. Çünki bu cəmiyyət başqa şeylər tələb edir. Cəmiyyət sosial problemlərin, korrupsiyanın, işsizliyin aradan qaldırılmasını tələb edir. Amma, baxın, bu şüarlar müxalifətin aksiyalarında, demək olar ki, səslənmir. Səslənirsə də, çox nadir hallarda. Olsa-olsa, ümumi şüarların içində on-on beş faiz təşkil edir.
Ölkədəki partiyaların heç birində beyin mərkəzi yoxdur. Beyin mərkəzi hər bir partiya üçün son dərəcə önəmli bir qurumdur. O, partiyanın strategiyasını müəyyənləşdirir, cəmiyyətin ab-havasını öyrənir və bu ab-havaya uyğun olaraq çağırışları, hədəfləri müəyyənləşdirir. Partiyalarda bu çatışmır. Ayrı-ayrılıqda, bəli, kifayət qədər intellektual insanlar var. Məsələn, Müsavatın divanının üzvü Qubad İbadoğlu Azərbaycanda ən önəmli beyin mərkəzlərindən birini yaradıb. İndi, o İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarına baxın, cəmiyyətdəki nüfuzuna baxın, amma Qubad İbadoğlunun mənsub olduğu partiyanın nüfuzuna baxın. Bununla belə, Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin əməyindən də partiyada səmərəli şəkildə istifadə edilmir. Və yaxud AXCP-də Razi Nurullayev, Fuad Qəhrəmanlı kimi səviyyəli intellektlər var. Onların müsahibələrini, qeydlərini oxuyanda təəccüblənirsən ki, bunların potensialından niyə partiyanın fəaliyyətində istifadə edilmir? Deməli, siyasi partiyalarda institutlaşma baş verməyib. İnstitutlaşma baş veməlidir ki, qərarların qəbuluna təsir edəcək beyin mərkəzləri formalaşsın. Kənardan müşahidə edəndə görürsən ki, partiyaların fəaliyyəti impulsiv xarakter daşıyır. Ona görə də müxalifətdən nəsə gözləmək hələ ki tezdir. Müxalifət liderlərinin fikrincə, Azərbaycan müxalifətinin bu ilki prezident seçkilərində vahid namizədlə çıxış etməsi üçün həm ölkədaxili, həm də ölkəxarici amillər münasib olmalıdır. Yəni böyük dövlətlər arasında təsir çevrəsinin bölgüsü davam edir və Azərbaycan balanslaşdırılmış siyasətini qoruyub saxlaya bilib. Rusiya Azərbaycanı bu siyasətindən çəkinməyə təsir edir.
Və onlar bunu da iddia edirlər ki, Azərbaycan müxalifətinin bir araya gələ bilməməsinin səbəblərindən biri kimi Azərbaycan ətrafında beynəlxalq şərtləri də vuruğulamaq lazımdır. Lakin son 20 ildəki siyasi mübarizə dönəmində münasib beynəlxalq şərtlərin olduğu dövrlər olub ki, Azərbaycan müxalifəti subyektiv səbəblər ucbatından bir araya gələ bilməyib. Ancaq bu il buna iddia etmək çətindir, çünki nə ölkədaxili, nə də ölkəxarici şərtlər Azərbaycan müxalifətini ümidləndirmir. Bu baxımdan Azərbaycan müxalifətində olan siyasilər bu prosesdən dividend götürməyi düşünürlər. Ona görə də namizədlərin elan olunması paradı, yaxud da siyasi gəlişmələrin hamısı bununla bağlıdır. Hamı növbəti mərhələnin uğuru haqqında düşünür və müxalifətin strateji qərarlarında da səhv etməsi bu amillərlə bağlıdır. Normal ölkələrdə seçkilərdə məğlub olan siyasətçilər bir qayda olaraq siyasətdən kənarlaşır, arxa plana keçməyə, yeni sima çıxarmağa çalışırlar. Amma Azərbaycanın demokratik qüvvələrini məğlubiyyətə gətirmiş 1992-1993-cü il hakimiyyət komandası bu gün də həlledici müxalifət olduğunu vurğulamaqdadır.
Ekspertlərin müşahidəsinə görə, müxalifət düşərgəsində də bir monopoliya əhval-ruhiyyəsi mövcuddur. Bir qisim insanlar düşünürlər ki, Azərbaycanın müxalifət düşərgəsinin ideya müəllifliyi yalnız konkret dar çevrə insana məxsusdur. O da ya bir nəfərdir, ya iki nəfər. Özlərini aparıcı müxalifət adlandıran partiyaların avtoritarizmdən ciddi bir fərqi yoxdur.
Bu məqamda əsas hədəfə götürülən qurum yenə də İctimai Palata olur.
Bu quruma daxil olmayan siyasi partiyaların liderləri iddia edirlər ki, o qurumun heç bir perspektivi yoxdur. Oradakı partiyalar heç vaxt konkret vahid mövqeyə gəlməyəcəklər, heç bir-birilərinə güzəştə getməyəcəklər və bu da təbiidir, çünki onlar rəqibdirlər. Ona görə də bu gün orada baş verənlər təəccüblü deyil, gözlənilən və seçki ilində də bu proseslərin qabardılması ehtimal olunan idi. Bunların qarşıdurması təbii ki, müxalifətin birliyinə, bütövlükdə müxalifətə də təsir edir.
Xarici amillər, xüsusən də Rusiyadan qaynaqlana biləcək təhlükələrdən danışanda bildirilir ki, müxalifətdəki qüvvələr hələlik buna reaksiya vermirlər və bir sıra gəlişmələr var ki, Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhdiddir. Hətta bir sıra siyasətçilər pul müqabilində, şəxsi əvəz çıxma nöqteyi-nəzərindən bu prosesə qoşulmağa razılaşırlar. Dövlətçiliklə hakimiyyəti bir-birindən ayırmaq lazımdır. Hakimiyyət müvəqqətidir, dövlətçilik isə daimidir. Müxalifət hakimiyyətdən əvəz çıxmaq xatirinə dövlətçiliyi təhdid altına salmaq haqqında düşünməməlidir. Azərbaycan müxalifəti bu barədə qərar qəbul edərkən ilk növbədə dövlətçiliyi nəzərə almalıdır. Bəzi müxalifətdə olan siyasətçilər düşünürlər ki, "Biz Moskvanı aldadıb, onların gücü ilə hakimiyyətə gələrik, onlara "atarıq" söyləyirlər. Çox təəssüf ki, müxalifətçi həmkarlarım arasında bu cür düşüncə sahibləri də var. Bu, yanlış yanaşmadır.
Analitiklər hesab edirlər ki, bu, Azərbaycan dövlətçiliyi üzərində eksperimentdir. Ondansa dövlətimizi, dövlətçiliyimizi qorumaq vacibdir.
Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00