Baba Tağıyevə növbəti ağır zərbə
21:22 02-05-2013
İQTİSADİYYAT
Baba Tağıyevə növbəti ağır zərbə
Sabiq deputatın hələ də "vurulması"nın gizlinləri "Unikal"da!
Milli Məclisin sabiq üzvü Baba Tağıyev növbəti xoşagəlməz situasiya ilə üzləşib. Ona məxsus şirkət yenidən hədəfə gəlib.
Belə ki, "Avropa Qapıları" adı ilə qapı və mebel istehsal edən "Tağıyev" şirkəti tərəfindən istehlakçı hüquqlarının pozulması barədə vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyev tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilmiş materiallar əsasında aparılmış araşdırmalar nəticəsində istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması barədə Dövlət Xidməti tərəfindən "Tağıyev" şirkətinə icrası məcburi göstəriş verilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, göstərişin yerinə yetirilməsi barədə şirkət tərəfindən Dövlət Xidmətinə məlumat verilmədiyi üçün göstərişin icra vəziyyətinin müəyyən edilməsi məqsədilə "Tağıyev" şirkətində yoxlama aparılıb.
Yoxlama nəticəsində "Tağıyev" şirkəti tərəfindən vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyevlə bağlanmış müqavilələrdə nəzərdə tutulan müddətlərə əməl olunmadığı, ödəniş şərtləri pozularaq hazırlanmış məhsulların dəyərinin istehlakçılardan onların faktiki ünvanında deyil, yaşadıqları binanın həyətində tələb olunduğu müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisəyə mövcud qanunvericiliyə uyğun olaraq, 4000 manat məbləğində cərimə tətbiq edilib. Hazırda istehlakçıların hüquqlarının bərpa olunması barədə Dövlət Xidməti tərəfindən "Tağıyev" şirkətinə verilmiş icrası məcburi göstərişin yerinə yetirilməsinin təmin olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlər görülür.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara oxşar hallarla üzləşməmək üçün malları, işləri, xidmətləri alarkən icraçıdan müvafiq müqavilə tələb etməyi, müqavilədə sifarişin bütün xüsusiyyətlərinin düzgün əks olunduğuna və icraçının öhdəliklərinin və məsuliyyətinin göstərildiyinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu şirkətin sahibi sabiq deputat Baba Tağıyevdir. Bəzi iddialara görə, sabiq millət vəkili onu "Avropa qapıları" əlindən çıxdıqdan sonra yaradıb.
Hazırda "Avropa qapıları"nda Baba Tağıyevin ya heç payının olmadığı, ya da çox az paya sahib olduğu vurğulanıb.
Tağıyev 2010 seçkilərində parlamentdən kənarda qalıb. Ardınca onun biznesi çökdürülməyə başlanılıb. Sabiq millət vəkilinin həm mandatsız, həm də biznessiz qoyulması onun hakimiyyət daxilində qəzəbə gəlməsi ilə izah edilir.
Maraqlı burasıdır ki, artıq kifayət qədər küncə sıxışdırıldıqdan sonra da Tağıyevin olan-qalan gəlir qaynaqları da daim tənqid və təzyiq altında saxlanılır. Bir neçə ay əvvəl iqtidarmeylli KİV-lərdə onun şirkəti davamlı sərt tənqid olundu, ağır ittihamlara məruz qoyuldu. İndi isə sabiq deputatın şirkəti cərimə və xəbərdarlıqla qarşı-qarşıya qalıb.
Bunun səbəbi maraq doğurmaya bilməz. Bəzi versiyalara görə, Baba Tağıyev bəzi siyasi iddialarından hələ də əl çəkməyib. Ona ictimai proseslərdən kənarda durmaq tapşırılsa da, o buna əhəmiyyət verməyib. Əvvəlcə 2010-cu ildə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü seçilib, 2011-ci ildə isə hələ 2009-cu ildə yaratdığı və sədri olduğu "İrəli Azərbaycan" İctimai Birliyinin fəaliyyətini aktivləşdirib, ölkə içində və xaricdə bir çox tədbirlərə təşkilatçılıq edib.
İddialarda həmçinin Tağıyevin ictimai fəallıqdan əl çəkmək istəməməsi onun hakimiyyətlə əvvəlki kontaktlarını bərpa etmək və 2015-ci il parlament seçkilərində yenidən deputat seçilə bilmək niyyəti ilə izah olunur.
Bütün bunlar onsuz da iqtidar daxilində etimadı sarsılan Baba Tağıyevə qarşı qəzəbi bir az da artırıb. Nəticədə onun biznes bağlantılarının bütünlüklə qoparılmasına qərar verilib.
Əgər belə davam edərsə, onun 2015-ci illə bağlı hədəflərinin gerçəkləşməsi ehtimalı sıfırın belə altına düşəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31