3 fevral 2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə 1992-ci il  avqust ayının 6-da Qubadlı rayon Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş 9 nəfər hərbçimizin əziz xatirəsinə hazırlanmış xatirə baralyefinin qarşısında Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Ağayev Bəylər Tapdıq oğlunun 55 yaşının tamam olması münasibətilə tədbir keçirildi.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, məktəb kollektivləri, şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.  

Əvvəlcə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi və Şəhidin qardaşı oğlu Bəylər Ağayev tərəfindən Şəhidləimiz haqqında və vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.   

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, I Qarabağ müharibəsi zamanı Qubadlı oğulları mərdliklə vuruşdular, onlar bir qarış torpağı belə yağı düşmənə vermək fikrində deyildilər. Həmin döyüşlərdə Rayonumuzdan 11-i Milli qəhrəman olmaqla  238 nəfər şəhid olmuşdur. Həmçinin 100 nəfərdən çox sakinimiz  itkin düşmüşdür. Təkcə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhid olmuşdur. 9 Şəhidimiz - Milli qəhrəman Ağayev Bəylər Tapdıq oğlu, Şəhidlər-Quliyev Qabil Oruc oğlu, Ağayev Şirin Tapdıq oğlu, Əliyev İlham Əhməd oğlu, İsmayılov Vidadi Ağalar oğlu, Eminov Savalan Əmir oğlu, Cəfərov Babək Tapdıq oğlu, Şirinov Şirin Əhməd oğlu və İsmayılov Aslan Şəmil oğlu, həmçinin Azərbaycanın Milli Qəhrəmanları Qubadlı şəhər sakini Məmmədov Aqil Səməd oğlu, İşıqlı kəndindən Əliyev Ələkbər Həsən oğlu, Muradxanlı kəndindən Atakişiyev Aslan Qabil oğlu da eyni gündə 1992-ci il avqustun  6-sı  Qəhrəmanlıq göstərərək şəhid olmuşlar. Onlar Laçının azad olması uğrunda Səfiyan, Türkə, Fərcan, Xanalı kəndlərində döyüşmüş sonda Suarası kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Qaracallı kənd Nümayəndəliyindən olan doqquz şəhidimizin  səkkizi  Qarağac kəndində, biri isə Qarakişilər kəndində dəfn olunmuşdur.

Qeyd olundu ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. 

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar  Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə mədəniyyət və təhsil müəssisələrinə onların adları verilir,  xatirə lövhələri,  baralyeflər  hazırlanır, abidələr ucaldılır, anım və doğum günləri qeyd olunur. 

Çıxış edən Şəhidimizin müəllimi Kamil Təhməzov, Qərargah rəisi vəzifəsində çalışmış Novruz Məmmədov və Şəhidimizin döyüş yoldaşı Bəxtiyar Kərimov Şəhidimizlə bağlı xatirələrini bölüşərək bildirdilər ki, insanın xoşbəxtliyi müxtəlif meyarlarla ölçülə bilər. Ancaq vətən uğrunda ölmək daha böyük xoşbəxtlikdir.  Elə bir xoşbəxtlikdir ki, o hər kəsin qismətinə düşmür. Ancaq vətən uğrunda ölənlərin qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, gələcək nəslin formalaşmasında böyük rol oynayır. Deməli bu insanlar ölümləri ilə də xalqına xidmət edirlər. Qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Qəhrəmanlıq elə bir məfhumdur ki, bəlkə də onu etməyin hər hansı bir forması  və mexanizmi yoxdur. O, tarixi şərait yetişəndə üzə çıxır. Ancaq ürəyində vətən və dövlət sevgisi, damarında pak qanı olmayan insan qəhrəman ola bilməz. 

Çıxış edən Milli Qəhrəman Bəylər Ağayevin və Şirin Ağayevin anası Mədinə Ağayeva onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin rayon rəhbərliyinə minnətdarlığını bildirərək qeyd etdi ki, respublikamızda şəhid ailələri, Qarabağ əlilləri, onların problemləri daim diqqət mərkəzindədir.  Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. 

Ağayev Bəylər Tapdıq oğlu 03 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq ordu sıralarına yazılmışdır. 

Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşagı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il... Avqustun 6-sı... Erməni vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun” və hücuma keçirlər. Bu döyüşdə o erməni faşistlərinin canlı qüvvəsini və hərbi texnikasını məhv edərək qəhrəmancasına şəhid olmuşdur. Qarağaclı kəndindəki  Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə  Ağayev Bəylər  Tapdıq  oğluna ölümündən  sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 

Həmçinin rayonun Qaracallı kənd tam orta məktəbi Milli Qəhrəmanımızın adını daşıyırdı.