“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”.
"Unikal" xəbər verir ki, bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, xalq artisti Fəxrəddin Manafov deyib.
İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanır.
Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik.