Mənimsəmədə təqsirləndirilən “əməkdar müəllim”in növbəti məhkəmə prosesi təyin edilib.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.4 (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilən Mehriban Əsgər qızı Rüstəmovanın kassasiya şikayəti ilə bağlı iclas mart ayının 28-də Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçiriləcək. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək küllü miqdarda (910 min manat) pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. M. Rüstəmovanın xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapıb.
Mehriban Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Mehriban Rüstəmova 2012-ci ildə “əməkdar müəllim” fəxri adına da layiq görülüb.
Azər İsrafilov