Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan 11 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən düz bir il keçir.

"Unikal" xəbər verir ki,  "Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb. Böyük dağıntılara səbəb olan zəlzələ 14 milyon insana birbaşa ziyan vurub. 

Zəlzələ Kahramanmaraş ilə yanaşı Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığda da can və mal itkisinə səbəb olub. 

Türkiyənin 4-cü səviyyəli xəbərdarlıq elan etdiyi zəlzələdən sonra aralarında beynəlxalq yardım da daxil olmaqla, 93 ölkədən axtarış-xilasetmə qrupları bölgədəki işlərə qatılıb.  Zəlzələlər 11 vilayət, 124 rayon, 6 min 929 kənd və məhəllədə ağır dağıntılara səbəb olub.

Ölkə ərazisində 7 günlük milli matəm elan edilərkən, zəlzələ bölgəsində fövqəladə vəziyyət elan edilib.

Gülayə Mecid