Xəbər verdiyimiz kimi, Çilinin keçmiş prezidenti, milyarder Sebastyan Pinyera ölkənin cənubunda helikopter qəzasında həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sabiq prezidentin ölümünün bəzi təffərrüatları açıqlanıb.

Bildirilir ki, Sebastyan Pinyera helikopterin ölkənin cənubunda Ranko gölünə düşməsi nəticəsində dünyasını dəyişib. Məlumata görə, helikopteri siyasətçi özü idarə edirmiş. Havaya qalxdıqdan az sonra "Robinson R66" helikopteri And dağlarının ətəklərində gölə düşüb. Sabiq prezidentlə yanaşı helikopterdə 3 nəfər də olub, onların hamısı xilas edilib. Pinyeranın boğularaq öldüyü bildirilir.  

Qəzaya səbəb olaraq yağışlı və dumanlı hava olub. 

Çili hökuməti ölkənin keçmiş prezidenti Sebastyan Pinyeranın ölümünü təsdiqləyib və milli matəm elan edib.

74 yaşlı Pinyera 90-cı illərdə siyasətə qədəm qoyan iş adamı və investordur. 2010-cu ildə Auqusto Pinoçetin istefasından sonra Çilinin ilk sağçı prezidenti olub. Pinyera iki dəfə, 2010 və 2018-ci illərdə dörd illik müddətə prezident seçilib. "Forbes" onun sərvətini 2,7 milyard dollar qiymətləndirir.

Gülayə Mecid