Rospotrebnadzor vətəndaşlardan 0,5 litrlik şüşə qablarda istehsal tarixi 28 dekabr 2023-cü il olan "Jermuk" mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytları barədə məlumat vermələrini xahiş edir.

"Unikal" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Rospotrebnadzor əməkdaşları pərakəndə satış və ictimai iaşə obyektlərində "Jermuk" mineral suyuna nəzarəti gücləndirib. Vətəndaşların həyat və sağlamlığına zərər vurmamaq üçün bütün tədbirlər görülüb”, - deyə mətbuat xidmətindən bildirilib.

İdarədən verilən məlumata görə, bu mineral suyun 2,5 milyon şüşəyə yaxın fərdi partiyalarının satışı artıq dayandırılıb. Rospotrebnadzor qeyd edib ki, məhsulun təhlükəsizliyinin laboratoriya təsdiqi alınmayana qədər dövriyyəyə buraxılmayacaq.

Qeyd edək ki, bundan əvvəl Vladiqafqaz sakini bir şüşə mineral sudan qurtum aldıqdan sonra qida borusunun yanıq xəsarəti alaraq dünyasını dəyişib. 

Nuranə Abbasova