Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq.

Mən Sizin rəhbərliyinizlə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, o cümlədən regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasını səbirsizliklə gözləyirəm.

Birləşmiş Millətlər Təşkilatı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda və çoxtərəfliliyin gücləndirilməsində Azərbaycan Hökumətinə və xalqına, Bakıdakı nümayəndəliyi vasitəsilə dəstək verməyə hazırdır".

*** 18:52

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda Zuzana Çaputova Prezident vəzifəsinə seçilməsi münasibətilə dövlətimizin başçısını Slovakiya vətəndaşları adından və şəxsən öz adından təbrik etdiyini bildirib.

Slovakiya Prezidenti müasir dünyanın bir sıra çağırışlarla üzləşdiyini qeyd edərək, həll yollarının qarşılıqlı əməkdaşlıq, dialoq, çoxtərəflilik və beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında tapılmasının önəmini vurğulayıb.

Slovakiya ilə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğunu bildirən Prezident Zuzana Çaputova qarşılıqlı olaraq səfirliklərin açılması sayəsində ölkələrimizin əməkdaşlığının daha da dərinləşəcəyini qeyd edib.

Prezident Zuzana Çaputova Prezident İlham Əliyevə möhkəm cansağlığı və vəzifəsinin icrasında uğurlar, Azərbaycan vətəndaşlarına sülh, firavanlıq arzulayıb.
 

*** 18:19

Fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayıb və yüksək səviyyədə həyata keçirilən təmasların əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini bildirərək Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin bu ilin yanvarında ölkəmizə rəsmi səfərinin əhəmiyyətini qeyd ediblər.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini COP28-in uğurla keçirilməsi münasibətilə təbrik edib və eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Telefon söhbəti zamanı əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

*** 11:47

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Seçkilərdə inamlı qələbəniz, yenidən Prezident seçilməyiniz münasibətilə Konqo xalqı və dövləti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Bu baxımdan, ölkələrimiz üçün faydalı maraqlara uyğun olaraq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm.

Sizə uzun ömür, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident İlham Əliyev.

Sizi ölkənizdə keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Bosniya və Herseqovinanın vətəndaşları, Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Qarşıdakı dövrdə tərəfdaşlıq və dostluq münasibətlərinə söykənən əməkdaşlığımızın davam etməsini və Sizin Bosniya və Herseqovinaya səfəriniz zamanı imzaladığımız iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin həyata keçirilməsini səbirsizliklə gözləyirəm.

Möhtərəm Prezident, Sizi seçkilərdəki inamlı qələbəniz münasibətlə bir daha təbrik edir, Sizə, ailənizə və Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi ehtiramımı bildirir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram”.