"Yeni dövr əvvəlki dövrə söykənərək başlayır. Bu dövrə qədər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, iqtisadi qüdrətinin artırılmasında, beynəlxalq birlikdə layiqli yer tutmasında böyük işlər görülüb".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, görəcəyimiz yeni hədəflər bundan irəli gəlir:
"Cənab Prezident çıxışında bildirdi ki, biz indiyə qədər Qarabağ məsələsi ilə məşğul idik. İndi isə bu problem yoxdur və dünya birliyində daha böyük işlərlə məşğul olacayıq. Bu, sülh, sabitlik, ekoloji tarazlıq və s. məsələlərdir. Bunu ancaq o dövlət lideri deyə bilər ki, dövlətin buna kifayət qədər potensialı var. Eyni zamanda, dövlət başçısının bunun üçün aydın proqramı var. Qarşıda bizi dövlətçiliyimizin möhkəmlənməsi, vətəndaşlarımızın hüquq və azadlıqlarının daha yüksək şəkildə təmin edilməsi, sahibkarlığa dəstək, regionlarımızın inkişafı, sosial vəziyyətin daha da yaxşılaşması və başqa məsələlər gözləyir. Prioritetlərimiz bundan ibarətdir.
Hesab edirəm ki, bunu etmək üçün kifayət qədər həm siyasi iradəmiz, həm də resursumuz var. Ən əsası isə Azərbaycan xalqı onun qarşıda duran bu məsələlərə doğru inkişafını təmin edən liderini görür. Prezident İlham Əliyevin seçkilərdə 92 faiz səs toplaması bunu bir daha sübut etdi".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib ki, indi yeni dövr başlayır. "Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi", - dövlət başçısı vurğulayıb.
Anar Kəlbiyev