Bakıda 5 ailə üzvünü amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun niyə hərbi xidmətə aparılmamasına aydınlıq gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib. 

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib.

Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib”, - o bildirib.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.