Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.

"Unikal" xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Lorenzo Mariani dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə “Leonardo” şirkəti ailəsi adından səmimi-qəlbdən təbrik etdi. Vurğuladı ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan irəli gələrək, şirkətin ölkəmiz ilə əməkdaşlığı uğurla inkişaf edir.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilmişdir. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə “Leonardo” şirkəti arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, bu əməkdaşlıqdan məmnunluq ifadə olundu.

*** 19:33

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

*** 19:19

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

*** 18:05

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Odil Reno-Basso dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə etdi. Həmçinin AYİB-in Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərdiyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi layihələrdə iştirak etməyə hazır olduğunu bildirdi.

Odil Reno-Basso vurğuladı ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır. O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyini vurğuladı.

Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edildi. Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunuldu.

** 17:25

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

***17:19

Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.