Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Xadijat Quliyeva dindirilib.
O, hadisədə digər zərərçəkmiş Razi Əliyevanın anası olduğunu bildirib:
"Qızımı 1 ay idi ki görmürdüm. Mən Ziyanı heç vaxt görməmişəm. Həmin gün ilk dəfə gördüm və mənə çox mehriban münasibət qurdu. Razi həmişə narazılıq edəndə mən çox vaxt Ziyanın tərəfini saxlayırdım. O mənə qızımı sevdiyini deyirdi. Qızım narazılıq edəndə soruşdum ki o səni döyürmü? O isə cavabında bildirdi ki döymür amma sadəcə denən ki, mənə toxunmasın. Amma sonradan gördüm ki Razi üzündəki izləri gizlətmək üçün daha çox kosmetikadan istifadə edib. Razi Ziya ilə arasında olan hər şeyi məndən gizlədirdi. Qızımın rəfiqəsi mənə dedi ki artıq Razi ilə Ziya arasında münasibətlər yaxşı deyil və onlar ayrılıblar. Qızım sonradan qorxusundan öz evində yox mənim evimdə qalmağa başladı. Ziya qapıma gəlib möhkəm döydü və Razini görmək istədi, amms mən qapını açmadım. Səhəri gün isə biz Türkiyəyə getdik. Qızımın 18 yaşında Kia Sportage, ikinci maşını Range Rover idi. Üçüncü Mercedes CL markalı avtomobili Ziya yox qızım özü alıb. Çünki Razi özü kifayət qədər yaxşı qazanırdı. Ziya sadəcə onunla həmin avtomobili almaq üçün birlikdə gedib".
Şahid qismində ifadə verən Rəşad Quliyev hadisənin baş verməsi haqqında məlumatsız olub. Onun sözlərinə görə, o, evakuator xidmətində çalışıb:
"Bizə zəng gəldi ki Mercedes CL markalı avtomobil xarab olduğundan onu Lökbatandan "tarqovu" deyilən əraziyə evakuator vasitəsilə aparılması lazımdı. Həmin gün mən işdə olmadığım üçün qardaşıma yönləndirdim".
Şahid Elvin Nağıyev isə avtomobilin Raziyyat Əliyevaya təqsirləndirilən şəxs Ziya Hüseynzadə tərəfindən alındığını bildirib. Onun sözlərinə görə, həmin avtomobil "TT avto" adlı avtosalondan alınıb.
Ziya Hüseynzadə isə deyib ki zərərçəkmiş Razi Əliyeva ilə üzləşmək istəyir, çünki onun hər sözünə kifayət qədər sübutları var.
Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.
Xatırladaq ki, hadisə bu ilin mayında baş verib. Belə ki, iş adamı Ziya Hüseynzadə keçmiş model sevgilisi Raziyyat (Razi) Əliyevanı döyərək ona hədə-qorxu və şantaj etməkdə təqsirləndirilib.
Belə ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb.
Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.
Azər İsrafilov