Əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində tutulub.
Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan heroin və 1 kiloqram 870 qram olan marixuana, eləcə də narkotik tərkibli həblər aşkar edilərək götürülüb.
Dindirilmə zamanı A.Şərifov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.