Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində hərbi hissələrin maliyyə xidmətinin 7 rəisi şahid qismində ifadə verib. Qeyd edək ki, cinayət işində zərərçəkmişin (Maliyyə Nazirliyi) hüquqi nümayəndəsi iştirak etməyib və buna iclas prosesində olan tərəflər etiraz etməyib.
İlk olaraq 2015-ci ildən 2022-ci ilin fevralına kimi N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Nəbiyev Fariz Əliqismət oğlu şahid qismində ifadə verib. Maliyyəçinin sözlərinə görə, ümumilikdə bu illər ərzində onun işlədiyi hərbi hissədə 890 min manat artıq pul silinib. Onun 730 mini bu cinayət işi ilə əlaqədar olan dövrə, yəni 2017-2020-ci illərin payına düşür: “Mən əsasən korpusun Maliyyə idarəsinin rəisini tanımışam. Rəhbərlik deyirdi ki, silinən məbləğin 45-50 faizini verəcəksən, məndə o qədər verirdim. Ümumilikdə mənə 335 min manat pul qalıb ki, onun da 243 minini ödəmişəm. Qalanını isə indi ödəyə bilmirəm, yoxumdur. Amma 2 ay ərzində ödəyəcəm”.
Məhkəmənin bu yerində vəkil Rəşad Mirmehdizadə mənimsənilən pullara cəmiyyətin münasibətindən danışdı:”İctimaiyyət elə bilir ki, həbsdə olanlar, ya ifadə verən şahidlər əsgərin, zabitin maaşını mənimsəyiblər. Elə bir şey yoxdur. Ümumiyyətlə mənimsənilən pullar əlavə yazılaraq sonra silinən məbləğlərdir, heç kim hərbiçinin maaşının bir manatına da əl vurmayıb. Xahiş edirəm mətbuat nümayəndələri bu fikri cəmiyyətə çatdırsınlar”.
Sonra ordu sıralarından tərxis olunmuş Nazim Süleymanov şahid qismində ifadə verib. 2000-ci ildən ordu sıralarında işləyən Süleymanov 2015-2017-ci illərdə Hərbi Dəniz Qüvvələrində maliyyə xidmət rəisi işləyib, o zaman Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Namiq Poladov olub. Nizami Məmmədov isə rəis vəzifəsinə 2017-ci ilin iyul ayında təyin olunub. Müdafiə Nazirliyində isə təftiş şöbəsində baş təftişçi vəzifəsində işləmiş polkovnik-leytenant Nazim Süleymanov hərbi hissələrin birində yoxlama zamanı 1 milyon manat civarında çatışmazlığın olduğunu qeyd edib:
“Belə ki, hərbi hissələrdə nazirliyin təftiş şöbəsi yoxlama aparırdı, maliyyə şöbəsi də maliyyələşdirirdi. İldə 3 dəfə təftiş olurdu. Təftişçilər onlara düşən payı götürüb gedirdilər. Faiz nisbəti 35-40 faiz olub. Əsasən xidmətlə bağlı Rafael Xələfovla münasibətlərim olub, tapşırıqları mənə o verirdi. Təftişə çatası pulu Rafael Xələfovun məsləhət bildiyi adama çatdırırdım. Silinmiş 1 milyon manatdan 300-350 min manat arası pul qalıb mənə. Digər hərbi hissədə isə 1 milyon 649 min manat civarında çatışmazlıq olub, qəbul edirəm. 2020-ci ilin dekabr ayından isə Müdafiə Nazirliyinin Təftiş şöbəsinə baş təftişçi təyin olunmuşam. 2020-2021-ci illərdə təftişçi kimi korpusların birinə yoxlamaya getmişəm. Aldığım pulları əsasən Rafael Xələfova verirdim. Bunu üzləşdirmə zamanı onun üzünə də demişəm.
Məhkəmə prosesinin bu yerində sabiq maliyyə idarəsinin rəisi Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi polkovnik Rafael Xələfovun Nazim Süleymanovla bağlı ifadəsini elan etdi: “Bakı şəhərində Nazim Süleymanov mənimlə görüşüb 380 min manatı verdi. Onun da yarısını mən yuxarı verdim, qalanı isə 3 nəfər arasında bölüşdürüldü, hərəyə 45 min manat pul qaldı”.
Bu yerdə Nazim Süleymanov Rafael Xələfovla üzləşdirmə prosesini nəql etdi: “Mən Rafael Xələfova korpusun yoxlaması ilə bağlı 1 milyon 80 min manat pul vermişəm. Üzləşdirmə zamanı Xələfov bu məbləğdən boyun qaçırsa da, mən müstəntiqə həmin pulları kimlərin vasitəsilə verdiyimi dedim. Müstəntiq də həmin şəxsləri şahid kimi istintaqa dəvət edəcəyini deyəndə Rafael Xələfov 1 milyonu aldığını etiraf etdi. Ümumiyyətlə, üzləşdirmə zamanı hamı verdiyim pulları qəbul etdiyini etiraf edib”.
Rəşad Mirmehdizadə R.Xələfovun 700 min manatı istintaqdan gizlətdiyini, əvvəl korpusun yoxlamasından müxtəlif məbləğlər- 380 min sonra isə 630 min manat aldığını qeyd etdi.
Sonda şahid üzərinə düşən, ibtidai istintaqla sübut olunan 420 min manat zərərin hamısını ödədiyini bildirdi.
Növbəti ifadə verən şahid isə hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən Hüseynov Emin Əbülfəz oğlu oldu. Hüseynovun sözlərinə görə, N saylı hərbi hissədə 169 min manat çatışmazlıq aşkar olunub: “Təftişə Sadıq müəllim gəlirdi nazirlikdən, pulu ona vermişəm Cəlal müəllimlə bir yerdə olanda. Bu məbləğ isə əslində bu qədər deyildi. Sadəcə sənədlərin varlığını sübut edə bilmədiyim üçün üstümdə qaldı, sənədlər isə yox idi. Ancaq əslində çatışmazlıq 40-50 min manat arası olub. Təftişə adətən 20 faiz pul veriridik. 27 min manatıda sonar təzədən Cəlal müəllimə verdim, maliyyələşmənin pulu idi. Digər hərbi hissədə işlədiyim zaman isə 505 min manat çatığmazlıq olub. Onun 65 faizini Cəlal Kazımova vermişəm, 200 min manata yaxın məbləğ isə özümə qalıb”. Bunlardan savayı 2020-ci ildə digər hərbi hissədə 690 min manat çatışmazlıq aşkar olunub ki, onun 105 min manatı cari hesabda qalıb. Həmin pulu da ilin sonuna kimi nağlaşdırıb təftişçi Həsən Paşayevə vermişəm. Həmin zaman rəis vəzifəsini icra edən Füzuli müəllim tapşırıq verdi ki, hesabı nağlaşdırsınlar. Bu məbləğ isə 2020-ci ildə baş tutan müharibə vaxtına təsadüf edib. Həmin vaxt hərbiçilərə 2 qat maaş verirdilər. Ümumilikdə qalan 490 min manatın 65 faizini Cəlal Kazımova vermişəm, qalanı isə özümə qalıb.
Prosesin bu yerində təqsirləndirilən Cəlal Kazımov 2020-ci ilin dekabr ayında ona verilən pulun yalan olduğunu bildirdi:” Mənə dekabr ayında necə pul verə bilərsən ki, həmin vaxt əmrim verilmişdi, Ben Laden kimi kimi bir günə götürüb atdılar Naxçıvana”.
Sonra yenidən Emin Hüseynov ifadısini davam etdirdi: “Digər hərbi hissədə isə təftişçilərə çatacaq 272 minin 179 min manatı ilə razılaşmışam. Səbəb isə odur ki, təftişçi Kəlbəcərda, hərbi hissə isə Tərtərdə yerləşib. Həmin yoxlama məni düzgün necə yoxlaya bilər? 350 minə yaxın pul mənimsəmə kimi yazılıb, cəmi 17 min manat pul ödəmişəm. Evimi satışa çıxarmışam, satıb ödəyəcəm”.
Növbəti şahid, N saylı hərbi hissələrdən birinin maliyyə xidmət rəisi işləyən Əliyev Adil Firudin oğlu isə tribunaya çıxan kimi dövlətə ziyan vurduğundan peşman olduğunu dilə gətirdi: “Əməlimdən peşmanam ki, dövlətimə ziyan vurmuşam. Şəxsən mənimsədiyim bu cinayət işi ilə əlaqədar olan 217 min pulun çox hissəsini ödəmişəm, qalan 80 min manatıda yaxın vaxtlarda dost-tanışdan alıb ödəyəcəm. Mənim işlədiyim hərbi hissədə ümumi mənimsənilən məbləğ 2015-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına kimi 790 min manat olub. Mən işimi korpusun Maliyyə idarəsinin rəhbərliyi- Nazim Süleymanov və Yaşar Rzayevlə görmüşəm, yəni onlara məruzə etmişəm. Təftiş yoxlaması gəlib, ancaq pulu korpusun adını çəkdiyim şəxslərinə vermişəm”.
290 min manat mənimsədiyi məbləğdən cəmi 10 min manat ödəyən maliyyəçi Cəmil Rafiq oğlu Quliyev artıq qalan məbləğlərin müəyyən qədər sildiyini qeyd etdi: ”Ortada 1 milyona yaxın məbləğ olub, 60 faizini korpusun maliyyə rəisləri Nazim Süleymanov və Yaşar Rzayevə vermişəm. Özümə qalan 290 min manat olub. Ortada çatışmayan məbləği isə korpusda müəyyən işlərə xərcləmişəm”.
Prosesin bu yerində vəkil Rəşad Mirmehdizadə pul mənimsəyən maliyyəçilərə ziyanın ödənilməsi ilə bağlı bir daha çağırış etdi: “Ziyanı ödəmiş şəxslərlə bağlı heç bir məsuliyyət olmayacaq. Siz nə qədər ziyanı tez ödəsəniz dəmir barmaqlıqlar arasında oturan şəxslərində məhkəməsi bir o qədər tez bitər. Görürsüz nə qədəq şişirdilmiş rəqəmlər var. Siz azadlığdasınız onlar isə türmədə”.
Sonra iki hərbi hissədə maliyyə xidmətinin rəisi işləyən Rzayev Rəşad Əlizadə oğlu hərbi hissələrdə məbləğlərin necə mənimsənilməsindən danışdı: ”Sifarişləri vermişik vəsaitlər nağlaşdırılıb. İşlədiyim bir hərbi hissədə 431 min manat çatışmazlıq olub. Yoxlamalarda özüm iştirak etmişəm, sənədlər olmadığından qeyd olunan ziyanla razılaşdım. Belə ki, paylama cədvəli yazılıb sonra da yandırılıb. Ümumilikdə mənim payıma düşən ziyan 200 min manat olub, 85 min manatını ödəmişəm”.
Bu yerdə təqsirləndirilən Cəlal Kazımov hakimdən çıxış üçün icazə istəyib hazırda işləyən maliyyəçilərlə bağlı kəskin çıxış etdi: ”İndiki maliyyəçilərin əksəriyyəti maliyyə işini bilmir. Hamısı kimlərinsə hesabına bu gün həmin vəzifəni tuturlar. Deyirsiz sənədlər yanıb? Yanmış sənədlərin əmrləri var, şəxsi heyətin sayı var. Yəni yanmış sənədləri bərpa etmək mümkündür”.
Vəkil Rəşad Mirmehdizadə də maliyyəçinin yanmış sənədlərə olan münasibətinə etirazını bildirdi: “Olmayan sənədlə necə razı ola bilərsiz? Amma aktda yazmısız ziyanla razıyam. Cəhd göstərin yanmış sənədlərlə bağlı digər sənədlərin üzə çıxarılmasına”.
Digər şahid isə hazırda hərbi hissələrdən birində maliyyə xidmət rəisinin baş köməkçisi vəzifəsində işləyən Hacıyev Eduard Elman oğlu təftişin pulunu hər ay üçün verdiyini qeyd etdi: “2020-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi işləmişəm həmin hərbi hissədə. Artıq məbləğin 70 faizini veriridim Cəlal Kazımova, 30 faizi isə özümə qalırdı. 519 min 810 manat artıq məbləğ qalmışdı. Onun 369 min manatını dediyim kimi Cəlal Kazımova vermişəm. Əlavə xüsusi tapşırıqlarla bağlıda Cəlal Kazımova pullar vermişəm. 151 min manat pul mənimsəmişəm onu da tam ödəmişəm”.
Bu yerdə C.Kazımovun vəkili E.Hacıyevdən hazırda artıq pullarla bağlı bölgünün necə aparılmasını soruşdu. Maliyyəçi isə hazırda heç kimə heç nə vermədiklərini, ümumiyyətlə bölgünün olmadığını bildirdi.
Cəlal Kazımov isə xüsusi tapşırıq məsələsinə aydınlıq gətirdi: “İnspeksiya gəlib həmin vaxtı, Namiq Poladovun komandası. Onlara 15 min manat verilib. Eduard Hacıyev xüsusi tapşırıq deyəndə onu nəzərdə tutur. Hazırda işləyən maliyyəçilər vəzifədə olan Nəriman Cabbarovun adını çəkməmək üçün belə danışırlar. Yoxlamada mən olmuşam, 23 mində pul verilib mənə. Eduard Hacıyev 2018-ci ilin iyul ayından 2020-ci ilin dekabr ayına kimi mənimsənilən 187 min pulun 20 faizini Nəriman Cabbarova, 30 min manatını isə Rafael Xələfova verib”.
Hazırda Müdafiə Nazirliyinin Maliyyə İdarəsində baş mühasib vəzifəsində işləyən Xəlilov Nurlan Hüseynağa oğlu da yoxlama zamanı çıxarılan rəqəmlərlə razılaşmadığını qeyd etdi:”Mənə bir hərbi hissədə 212 min mənimsəmə yazıblar, onun cəmisi 30 mini ilə razıyam. Çunki sənədlər yandırılıb. Onun da 20 min manatını Cəlal Kazımova vermişəm. Təftişi Səfər Şıxəliyev keçirib. Bölgünü isə Cəlal Kazımov müəyyən edib. Digər hərbi hissədəki 300 min manatlıq yeyinti ilə razıyam, yoxlamada özüm iştirak etmişəm. Bu məbləğdən də 210 min manat, yəni 70 faizini vermişəm yuxarı. 2019-cu ilin noyabr ayından 2021-ci ilin iyun ayına kimi isə Təftiş şöbəsində işləmişəm. Hərbi hissələrdən birində təftişdə iştirak etmişəm. Təftişə görə 20 min manat veriblər, onunda 15 min manatını Rafael Xələfova vermişəm. Ali Hərbi Məktəbdə də Teymur Teymutovla təftişdə olmuşam, oradan da müəyyən məbləğ çatıb mənə. Təftişin pulunu Rafael Xələfov müəyyən edirdi. 123 min manat pul yemişəm, onun 20 min manatını ödəmişəm.
Prosesin bu yerində Cəlal Kazımov yenə od püskürdü: “Yuxarılar üçün günah keçisi bu 4 nəfərdi. Vicdanından qorxmayan adamdan mən qorxuram deyib çıxışımı bitirirəm”.
Növbəti məhkəmə prosesi fevral ayının 23-nə kimi təxirə salındı.
Azər İsrafilov