Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım.

İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm".

*** 19:09

İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında münasibətləri səciyyələndirən dostluq ruhu Sizin rəhbərliyinizlə müdafiə sahəsində, eləcə də ortaq strateji maraq kəsb edən digər sahələrdə əməkdaşlığın inkişafı naminə daha da yüksəlməkdə davam edəcək. Bunlar hazırkı beynəlxalq mənzərəni və xüsusilə də Avro-Asiya regionunu xarakterizə edən sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə ikitərəfli münasibətlərimizi gücləndirmək üçün zəruri əsaslardır.

Sizinlə tezliklə görüşmək ümidi ilə fürsətdən istifadə edərək, Sizə ən səmimi salamlarımı çatdırıram".

*** 18:26

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən çox məmnunam ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir.

Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayır. Buna görə də inanıram ki, Zati-alinizə ünvanladığım dəvətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz.

Zati-aliləri cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm”.

*** 16:53

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizə davamlı inkişaf, xalqınıza firavanlıq arzulayıram.

Əminəm ki, biz etibarlı dostluq münasibətlərimizi həm ikitərəfli, həm regional, həm də beynəlxalq səviyyələrdə qarşılıqlı maraqlarımız naminə inkişaf etdirəcəyik. Mən ilk növbədə iqtisadiyyat, turizm və enerji sahələrində kommunikasiyanı intensivləşdirməyə, əməkdaşlığı gücləndirilməyə töhfələr verməyə hazıram.

Ölkənizin uğurlarının davamlı olmasını arzulayır, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyimi bildirirəm.

Ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

*** 13:44

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İndoneziya Respublikası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.

Bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə göstərdiyi dərin hörmətin və sarsılmaz etimadın təsdiqidir. Tam əminliklə bildirirəm ki, Sizin möhtəşəm liderliyiniz və zəngin təcrübəniz ölkənizi daha böyük tərəqqiyə doğru aparacaqdır.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz xalqlarımız arasında otuz ildən artıq inkişaf edən ikitərəfli əlaqələrin dərinləşməsinin şahidi ola biləcəyik. Məmnuniyyətlə qeyd edirəm ki, xalqlarımızın rifahı naminə bizim müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı səylərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var.

Zati-alinizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və tərəqqi arzulayaraq, ən yüksək ehtiramımı qəbul etməyinizı xahiş edirəm".

*** 13:29

Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Tarixi hadisə - yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Bu qələbə Prezident vəzifəsində fəaliyyət göstərdiyiniz müddətdə möhtəşəm liderliyinizin təkcə Azərbaycanda deyil, həm də dünyada qəbul olunmasının bariz təzahürüdür.

Surinam Respublikası ikitərəfli və çoxtərəfli əlaqələri yüksək qiymətləndirir, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün səylərimizi artırmağı səbirsizliklə gözləyir.

Bu baxımdan mən əminəm ki, qarşıdan gələn COP29-a ev sahibliyi edən Azərbaycan konfransın uğurla keçirilməsi üçün bütün lazımi tədbirləri görür.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə Surinam Respublikasının Hökuməti və xalqı adından möhkəm cansağlığı arzulayır, yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".