Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar ki, bu da Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.
"Bu məsələ ilə bağlı tənqidlər var, lakin biz qeyd etmək istəyirik ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır və ölkəmizin müdafiə qabiliyyətinin inkişafı təşviş doğura bilməz. Bizim yeganə vəzifəmiz ölkədə düzgün balans yaratmaqdır.”, - Paşinyan qeyd edib.

Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyen Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar. Fransa Ermənistana 24 “Bastion” tipli zirehli transportyor tədarük edib, daha 26-sı isə istehsal mərhələsindədir. Yerevan bu yaxınlarda Thales-dən üç GM200 radarı sifariş edib və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü üçün də danışıqlar aparılır.Bundan əlavə, Fransa Senatı Sezar özüyeriyən artilleriyasının tezliklə tədarükü imkanlarını araşdırmağa çağırır.