Son günlər Fransa dövləti anti-Azərbaycan mövqeyini sərgiləməyə davam edir. Belə ki, Fransa Ermənistana müdafiə silahlarının bir partiyasını tədarük edəcəyini açıqlayıb. Qeyd olunub ki, silah partiyasına gecəgörmə cihazları, GM200 radar stansiyaları daxil olacaq. Bu gün həm də Fransanın müdafiə naziri Sebastyan Lekornu tarixdə ilk dəfə Ermənistana səfər edəcək.
Belə olan halda Fransanın Cənubi Qafqazda münaqişəni yenidən alovlandırmaq istəməsi ilə bağlı fikirlər formalaşıb.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Fransa bölgədə yeni bir qarşıdurmanın olmasını istəyir:
“Həm də, onların göndərdiyi silahlar müdafiə silahları deyil. Onların içərisində çox sayda hücum silahları var. Fransa sözün əsl mənasında Cənubi Qafqazda vəziyyəti qatıb-qarışdırmaq istəyir. Ermənistana təzyiq etməyə çalışır. Bununla da, sülh prosesini tamamilə pozmaq istəyir.
Bu, çox alçaq bir fikirdir. Mənəviyyat və intellektual səviyyə baxımından yarımçıq olan Makron kimi tiplər belə işlərdə həmişə fəal olurlar. Makron sözün əsl mənasında Azərbaycan üçün qənim kəsilib. Hər vasitədən istifadə edərək ölkəmizin siyasi və iqtisadi maraqlarının qarşısında müxtəlif əngəllər yaratmağa çalışır. Bu yolla Azərbaycanın artan gücünün qarşısını almaq istəyir.
Ümumiyyətlə, Fransa çox alçaq ölkədir. Başında duran adam da onun tayıdır. Onlar digər alçaq ölkə olan Ermənistanla bacı-qardaş münasibətindədirlər”, - deyə o qeyd edib.
Qabil Hüseynli deyib ki, Fransa bir çox silah növlərini Ermənistana pulsuz verir:
“Belə olan halda Azərbaycan dövləti mütləq şəkildə tədbir görməlidir. Bölgənin silahlandırılmasına dair beynəlxalq konvensiya var. O konvensiyada Avropa qitəsinin cinah sazişləri var. Həmin cinahlardan biri də Cənubi Qafqaza düşür.
Həmin sazişə görə, Cənubi Qafqazda hər bir ölkənin nə qədər silaha malik olması barədə kvota müəyyən edilib. Ermənistan bu kvotanı dəfələrlə pozub və bölgədə işğalçı müharibə aparıb. Ona görə də, Azərbaycan bu məsələni Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır”.
Murad İbrahimli