Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən və avtomobillərin konstruksiyasına dəyişikliklər edən sürücülər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.
Keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Bundan başqa, “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılan sürücü, Cəlilabad rayon sakini Famil Abbasovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyinə şübhələr yarandığı üçün onun müvafiq tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində həmin sürücünün narkotik vasitədən istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Abbasov 2 il müddətində sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub.